TikTok istifadəçilərin süni intellektlə profil şəkilləri yarada bilməsi üçün yeni funksiya üzərində işləyir. Sosial media məsləhətçisi Mett Navarra şirkətin çalışmaları barədə məlumat verərək funksiyanın şəkillərini və videolarını Twitter-də paylaşıb.
Beləliklə, ilk baxışdan bu funksiya ilə yaradılan profil şəkilləri Lensa tətbiqi ilə hazırlanan avatarlara bənzəyir. Lensa ilə hazırlanan avatarları bir çox sosial media tətbiqlərində görmək mümkündür. Bununla belə, bu tip bir funksiyanın birbaşa TikTok-da olması bu avatarları daha tez-tez görəcəyimiz mənasına gəlir.
Sözügedən funksiya istifadəçilərdən əvvəlcə 3-10 fotoşəkil seçməklərini istəyir. Daha sonra isə süni intellektlə hazırlanacaq vizuallar üçün minimum 2 və maksimum 5 stil seçmək lazımdır. Bir müddət gözlədikdən sonra şəkillər hazır olur və istifadəçilər tərəfindən endirilə, profil şəkli olaraq təyin edilə və ya hekayə olaraq da paylaşıla bilir. Qeyd edək ki, bu funksiyanı gündə sadəcə bir dəfə istifadə etmək mümkündür.