Apple süni intellekt sahəsində planlarını genişləndirəcəyini və bu istiqamətə ciddi investisiyalar ayıracağını bildirib.
2025-ci ilin üçüncü rüb maliyyə hesabatında çıxış edən Apple-ın baş direktoru Tim Kuk deyib:
“Süni intellekt dövrümüzün ən önəmli texnologiyalarındandır. Biz onu cihazlarımızda, platformalarımızda və ümumiyyətlə bütün fəaliyyətlərimizdə tətbiq edirik. Bu sahəyə ayırdığımız investisiyalar da əhəmiyyətli dərəcədə artır.”
O əlavə edib ki, bu sahəyə yönəlmək üçün bir çox əməkdaşın işi yenidən qurulub və bütün diqqət bu istiqamətə cəmlənib:
“Güclü komandamız var və bu işə bütün enerjimizi veririk.”
Yeni şirkətlərin alınması və inkişaf planları
Apple bildirib ki, süni intellektə artan maraq nəticəsində xərclər də yüksəlib. Buna baxmayaraq, şirkət bəzi texniki sahələrdə digər tərəfdaşlarla əməkdaşlığa davam etdiyi üçün xərclər kəskin şəkildə artmır.
CNBC-yə verdiyi açıqlamada Apple bu sahədə irəliləyişi sürətləndirmək üçün yeni şirkətlər almağa açıq olduğunu bildirib. Tim Kukun sözlərinə görə, bu il ərzində 7 şirkət alınıb. Onların hər biri kiçik olsa da, Apple üçün strateji baxımdan əhəmiyyətlidir. Hal-hazırda şirkət hər bir neçə həftədən bir yeni texnoloji startap alır.
Yeni AI funksiyaları və Siri-nin yenilənməsi
Apple artıq 20-dən çox süni intellekt funksiyasını istifadəyə verib. Bunlar arasında mətn redaktəsi, şəkil təmizləmə və vizual tanıma kimi imkanlar var.
İlin sonuna qədər canlı tərcümə və AI əsaslı idman köməkçisi funksiyalarının təqdimatı planlaşdırılır. Fərdiləşdirilmiş Siri-nin isə 2026-cı ildə istifadəyə verilməsi gözlənilir. Tim Kuk bildirib ki, bu istiqamətdə işlər uğurla davam edir.
iPhone və gələcəyin texnologiyaları
Meta rəhbəri Mark Zukerberq bu yaxınlarda bildirmişdi ki, gələcəkdə süni intellekt texnologiyası daha çox ağıllı eynəklər vasitəsilə istifadə olunacaq. Tim Kuk isə bu yanaşmanı bölüşmür:
“iPhone hələ də bizim həyatımızın bir hissəsidir və bu dəyişməyəcək,” – deyə o bildirib. “Yeni texnologiyalar iPhone-u əvəz etməyəcək, sadəcə onu tamamlayacaq.”
Apple, süni intellektlə bağlı gələcək planlarının detallarını bölüşməkdən çəkinib və bunun şirkətin strategiyasına təsir edə biləcəyini bildirib.
Qeyd edək ki, Apple üçüncü rübdə yüksək iPhone satışları və rekord gəlir əldə edib. Bu nəticə şirkətin səhm qiymətlərinin də artmasına səbəb olub.