Türkiyənin ən tanınmış kriptovalyuta birjalarından BtcTurk bu gün böyük məbləğdə şübhəli pul köçürmələri ilə gündəmə gəlib. Kripto təhlükəsizlik şirkəti PeckShield Inc və digər monitorinq platformalarının məlumatına görə, birjadan ümumilikdə 48 milyon ABŞ dolları dəyərində kriptovalyuta iki ayrı ünvana göndərilib.
Köçürülən vəsaitlərin içində ETH, AVAX, ARB, BASE, OP, MANTLE və MATIC kimi məşhur kriptovalyutalar var. Bu hadisə ictimaiyyətə yayıldıqdan sonra bəzi istifadəçilər hesablarına kripto pul yatırmaq və çıxarmaq imkanlarının bağlandığını bildiriblər.
Məsələ ilə bağlı BtcTurk rəsmi açıqlama yayıb. Şirkət bildirib ki, “sıcak cüzdan”larda texniki problem yaranıb və bu səbəbdən kripto yatırma və çıxarma əməliyyatları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda vurğulanıb ki, alım-satım əməliyyatları və Türk Lirası ilə vəsaitin yatırılması və çıxarılması xidmətləri əvvəlki kimi davam edir.
“Əməliyyatlar bərpa olunanda bütün istifadəçilərə məlumat veriləcək,” – deyə açıqlamada qeyd olunub.
Hazırda rəsmi olaraq hücumun baş verdiyi təsdiqlənməyib. Lakin köçürmələrin böyük məbləğdə olması və hadisənin vaxtı kripto icmasında şübhələr yaradıb. İstifadəçilər arasında bu məsələnin texniki nasazlıq, yoxsa kiberhücum olub-olmadığı barədə müzakirələr davam edir.