Türkiyənin aparıcı maliyyə texnologiyaları (fintex) startaplarından biri olan Paywall, ölkədə ilk dəfə olaraq fintex sahəsinə yönəlmiş, lokal serverdə (on-premise) çalışan Böyük Dil Modeli (LLM) – Fraud LLM-i təqdim etməyə hazırlaşır. Bu model, süni intellekt texnologiyasına əsaslanaraq dələduzluqla mübarizəyə tamamilə yeni və innovativ yanaşma gətirir.
Ötən il 7 milyon dollarlıq dəyərləndirmə ilə investisiya cəlb edən Paywall, artıq təkcə ödəniş sistemlərinin idarəedilməsini təmin edən platforma deyil, həm də maliyyə texnologiyalarını quran və bu əsasda məhsullar inkişaf etdirən Fintex Service Builder kimi fəaliyyət göstərir.
Şirkətin hazırkı fəaliyyət sahələri 3 əsas istiqamətdə cəmlənib:
- Ödənişlərin orkestrasiyası və avtomatlaşdırılması
- Mərkəzləşdirilmiş kart saxlama sistemi
- Qapalı dövriyyəli rəqəmsal pulqabı infrastrukturu
Fraud LLM: Maliyyə sahəsində texnoloji inqilab
Fraud LLM, Paywall-un yeni strategiyasının ilk əsas məhsulu kimi yaxın günlərdə Private Beta mərhələsinə keçəcək. Bu mərhələdə məhdud sayda şirkətin iştirakı ilə sınaq prosesi həyata keçiriləcək və təqdimat rəsmi sosial media hesablarında elan olunacaq.
Yeni model yalnız saxtakarlıq hallarını aşkar etmir, eyni zamanda bu hallar harada, necə və nə üçün baş verdiyini anlamağa imkan yaradaraq risklərin qabaqlayıcı şəkildə idarə olunmasını təmin edir.
CEO-dan açıqlama: “Biz oyunu yenidən qururuq”
Şirkətin baş direktoru Arif Ferah bildirib:
“Biz yalnız Türkiyədəki şirkətlərin iş proseslərini asanlaşdırmaq üçün deyil, həm də fintex ekosistemində inqilab yaratmaq və oyunu yenidən qurmaq məqsədilə yola çıxdıq. Artıq innovasiyadan uzaq texnologiyalarla irəliləmək mümkün deyil. Süni intellekt əsaslı yanaşma ilə təhlükəsizlik və elastikliyi birlikdə təqdim etmək zərurətə çevrilib.”
O əlavə edib ki, Fraud LLM yalnız Paywall üçün deyil, digər fintex şirkətləri üçün də hazırlanıb və %96 dəqiqlik göstəricisinə malikdir ki, bu da ənənəvi saxtakarlıqla mübarizə sistemləri ilə müqayisədə xeyli yüksək nəticə deməkdir.
Paywall-un gələcək vizyonu yalnız məhsul təqdim etməklə kifayətlənmir. Şirkət, eyni zamanda başqa texnologiya və fintex şirkətlərinə bu infrastruktur üzərində öz məhsullarını yaratmaq imkanı verməyi hədəfləyir. Bu da Paywall-u sadəcə xidmət göstərən platformadan çıxarıb, texnologiya yaradan və formalaşdıran bir əsas oyunçuya çevirir.
Fraud LLM, süni intellektin real sektor problemlərinin həllində necə istifadə oluna biləcəyini göstərən mühüm nümunədir və regionda fintex sahəsində texnoloji inkişafın yeni mərhələsini başlatmaq potensialına malikdir.