Az | EN

Türk startapı “Reprai” 500 min dollar investisiya alıb

Nigar Sultanli
02 Sentyabr 2025 14:57
55 baxış
Türk startapı “Reprai”  500 min dollar investisiya alıb

Türk startapı "Reprai", dərman şirkətlərinin satış və marketinq işlərini süni intellektlə asanlaşdıran platformadır. Startap, bu işi daha da böyütmək üçün "Simya VC" vençur fondundan 500 min dollar investisiya alıb. "Simya VC", Türkiyənin köklü vençur fondlarından olan "212" tərəfindən idarə olunur.

"Reprai", Didem Aral və Özhan Öztürk tərəfindən yaradılıb. Onların platforması dərman şirkətlərinə həkimlərlə daha yaxşı əlaqə qurmağa kömək edir. Belə ki, startap şirkətlərin hər bir həkimə fərdi yanaşmasını təmin edir və onlara necə daha effektiv çatmaq lazım olduğunu göstərir.

"Reprai"-ın əsas məqsədi ABŞ və Avropa kimi böyük bazarlarda yer almaqdır. Alınan yeni investisiya ilə onlar komandalarını genişləndirmək, daha çox müştəri qazanmaq və texnologiyalarını inkişaf etdirmək niyyətindədirlər.

Şirkətin CEO-su Didem Aral deyir ki, onlar dərman sənayesindəki marketinq proseslərinə süni intellektlə yenilik gətirməyi hədəfləyirlər. Onun sözlərinə görə, bu investisiya onlara qlobal bazarda güclü bir oyunçu olmağa kömək edəcək.

"Simya VC" nin nümayəndəsi Selma Bahçıvanoğlu isə qeyd edir ki, "Reprai" hələ rəqəmsallaşmamış bir bazarda böyük bir boşluğu doldurur. Məsələn, ABŞ-də bir dərman təmsilçisinin həkimlə görüşü ortalama 500 dollara başa gəlir, amma "Reprai" bu xərci 20 dollardan da aşağı sala bilir. Bu, həm xərcə, həm də işin səmərəliliyinə böyük təsir göstərir.

© copyright 2022 | tech.az | info@tech.az