İRİA-nın təşəbbüsü və “PASHA Holding”in sponsorluğu ilə həyata keçirilən “Viveka Mentorship Program” və “Viveka Company Creation Program”ın oflayn sessiyalarını uğurla tamamlanıb!
“Viveka Mentorship Program”ı çərçivəsində 20-dən çox mentor namizədi ilə ilk oflayn sessiyaları 5-6 sentyabr tarixlərində Azərbaycan-Fransız Universitetində baş tutub. Ümumilikdə mentorluq proqramına Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyası kimi ali təhsil müəssisələrindən müraciət etmiş mentor namizədləri arasından 20-dən çox iştirakçı seçilib. Sessiya zamanı iştirakçılar həm yerli, həm də qlobal miqyasda sahibkarlıq ekosisteminin əsasını təşkil edən prinsiplər haqqında təlimlərdə iştirak etmişdir.
Viveka şirkəti ilə bu həftə keçirdiyimiz digər oflayn sessiyalar “Viveka Company Creation Program”ı çərçivəsində baş tutub. Bu proqramın əsas auditoriyası startap quruculuğuna başlamağı planlaşdıran və ya mövcud startapını inkişaf etdirmək istəyən universitet tələbələri və yeni məzunlardır.
Seçim mərhələsində namizədlər arasından seçilən 30-dan çox startap komandası proqramda iştirak hüququ əldə edib. Azərbaycan-Fransız universitetində təşkil edilən oflayn sessiyalar müddətində iştirakçılara startap biznes modelinin qurulması, müştəri seçimi, marketinq, MVP-nin yaradılması yönündə nəzəri və praktik təlimlər keçirilib. Sessiyalar zamanı təşkil edilən vörkşoplar ərzində Viveka mentorları iştirakçı startaplarına fərdi şəkildə dəstək olub, onların suallarını cavablandırıb.
Bununla da “Viveka” şirkəti tərəfindən hər iki proqram çərçivəsində oflayn sessiyalar yekunlaşıb, onlayn sessiyalar isə davam edir.