Az | EN

X sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino istefa verib

Nigar Sultanli
X
10 İyul 2025 15:33
134 baxış
X sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino istefa verib

Bu qərar platformanın İlon Maskın süni intellekt şirkəti xAI tərəfindən alındıqdan bir neçə ay sonra verilib və Maskın biznes imperiyasında artan qeyri-sabitliyin bir hissəsi kimi qiymətləndirilir.

Yakkarino istefasını X-də paylaşdığı postla açıqlayıb: “X-in baş direktoru vəzifəsindən istefa vermək qərarına gəldim.” Mask isə sadəcə “Töhfələrinizə görə təşəkkürlər” yazmaqla cavab verib. İstefanın dəqiq tarixi hələ açıqlanmayıb.

Linda Yakkarino iki il əvvəl X-ə reklamverənlərin inamını bərpa etmək məqsədilə gətirilmişdi. Çünki platformada nifrət və zərərli məzmunun artması bir çox reklamverəni narahat edirdi. O, bəzi reklam şirkətlərini boykot təşkil etməkdə ittiham edərək məhkəməyə də vermişdi.

İstefanın bir gün öncə Grok adlı süni intellekt botunun X-də antisemitizm və Hitlerə dəstək xarakterli paylaşımlar etməsindən sonra baş verməsi də diqqət çəkib. Paylaşımlar silinib və şirkət üzr istəyib. Lakin bu hadisə reklamverənlərin platformaya münasibətinə mənfi təsir göstərib.

Ekspertlər bildirir ki, Yakkarino platformanın biznesini idarə etməklə yanaşı, daim yaranan qalmaqallarla mübarizə aparmalı olurdu. Onun istefasının səbəblərindən biri kimi İlon Maskın idarəetmə tərzi ilə uyğunlaşmamağı göstərilir.

Hazırda X platformasının yeni rəhbərinin kim olacağı bilinmir. Bu arada, Maskın digər şirkəti Tesla da rəhbər heyətindəki dəyişikliklərlə gündəmdədir.

Yakkarino rəhbər olduğu dövrdə X platformasında ödəniş funksiyaları, smart TV tətbiqi kimi bir sıra yeniliklər tətbiq olunub. Şirkətin yaxın gələcəkdə öz debit və ya kredit kartını təqdim edəcəyi də gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az