Microsoft Xbox Cloud Gaming üçün reklamlı pulsuz tarif təqdim etməyə hazırlaşır. The Verge nəşrinin yazdığına görə, yeni tarif ilkin mərhələdə Xbox Insider proqramının iştirakçıları üçün əlçatan olacaq.
İnsayder Tom Uorrenin məlumatına əsasən, Microsoft yaxın vaxtlarda reklam dəstəyi ilə Xbox Cloud Gaming-in açıq testinə başlayacaq. Bildirilir ki, şirkət son bir neçə ay ərzində bu funksiyanı daxili şəkildə sınaqdan keçirib.
Bu yaxınlarda Microsoft Xbox tətbiqini yeniləyərək bulud oyunları üçün yeni yükləmə ekranları əlavə edib. Həmin ekranlarda açıq şəkildə “reklam hesabına bir seans üçün bir saat oyun vaxtı” ifadəsi yer alır.
Qeyd olunur ki, pulsuz versiya istifadəçilərə özlərinə məxsus bəzi oyunları yayımlamaq, həmçinin ödənişli oyunları həftəsonları pulsuz oynamaq imkanı verəcək.
