Xiaomi Çində yeni Mijia Smart Tea Bar Machine Pro Vertical ağıllı çay stansiyasını satışa təqdim edib. Bir neçə məişət cihazını özündə birləşdirən qurğu 3 saniyə ərzində suyu qızdırır, avtomatik çay dəmləyir və fincanları sterilizasiya edir. Cihazın qiyməti 1299 yuan (təxminən 192 ABŞ dolları) təşkil edir.
Qurğu 5,5 litrlik su çəni ilə təchiz olunub və xarici su qabına qoşulma imkanını da dəstəkləyir. Əsas xüsusiyyətlərdən biri iki tam müstəqil su xəttidir. Sol kran yalnız isti su, sağ kran isə yalnız çay dəmləmək üçün istifadə olunur. Bu yanaşma suyun qarışmasının qarşısını alaraq içkinin dadını qoruyur.
Keramik qızdırıcı elementi sayəsində su axın zamanı cəmi 3 saniyəyə lazımi temperatura çatdırılır. Cihaz müxtəlif çay növləri üçün xüsusi dəmləmə rejimləri də təqdim edir.
Alt hissədə yerləşən sterilizasiya bölməsi UVC ultrabənövşəyi dezinfeksiya və isti hava ilə qurutma funksiyalarını birləşdirir. Xiaomi sterilizasiyanın effektivliyinin 99,99% olduğunu bildirir.
Mijia Smart Tea Bar Machine Pro Vertical 2,8 düymlük rəngli LCD ekran, HyperConnect ekosistemi ilə inteqrasiya və XiaoAI səsli köməkçisi vasitəsilə idarəetmə imkanlarını da dəstəkləyir.
