Az | EN

Yaponiya ilk yen stabilkoinini buraxmağa hazırlaşır

Nigar Sultanli
21 Avqust 2025 11:23
51 baxış
Yaponiya ilk yen stabilkoinini buraxmağa hazırlaşır

Yaponiya startapı “JPYC Inc.” ölkədə ilk dəfə olaraq yaponiya yeninə bağlı stabilkoin buraxmağa hazırlaşır. Bu rəqəmsal pulun adı da JPYC olacaq. Bu, kriptovalyuta dünyasında mühüm addımdır, çünki stabilkoinlər qiyməti dəyişkən olan kriptovalyutalardan fərqli olaraq həmişə sabit dəyər saxlayır.

Məsələn, Bitcoinin qiyməti tez-tez qalxıb-enir, amma bir JPYC stabilkoin hər zaman 1 Yapon yeninə bərabər qalacaq.

JPYC startapının baş direktoru Noritaka Okabe bildirir ki, bu stabilkoinin dəyəri Yaponiya hökumətinin istiqrazları və ölkədəki əmanətlərlə tam təmin ediləcək. Yəni istifadəçilər bu puldan istifadə edərkən dəyərinin dəyişməyəcəyinə əmin ola biləcəklər.

İlginç məqam odur ki, JPYC əməliyyatlar üçün heç bir komissiya tutmayacaq. Startap isə stabilkoinləri buraxaraq dövlət istiqrazları alacaq və bu istiqrazlardan əldə olunan faiz gəliri şirkətin qazancı olacaq.

Başlanğıcda bu rəqəmsal puldan Yaponiyadakı investorlar, maliyyə şirkətləri və fondlar istifadə edəcək. Lakin gələcəkdə məqsəd JPYC-ni “rəqəmsal yen” kimi qlobal istifadə üçün əlçatan etməkdir.

Bu hadisə göstərir ki, stabilkoinlər qlobal maliyyə sistemində mühüm rol oynayır. Məsələn:

  • ABŞ artıq stabilkoinlərin gündəlik ödənişlərdə istifadəsi üçün qanunvericilik hazırlayır.
  • Bank of America kimi nəhəng maliyyə şirkətləri öz dollarla təminatlı rəqəmsal pullarını buraxmağa hazırlaşır.
  • Çin isə kripto bazarına nəzarəti gücləndirir və stabilkoinlərə marağı məhdudlaşdırır.

Bu vəziyyət göstərir ki, hər ölkə rəqəmsal valyutalara fərqli yanaşır, lakin Yaponiyanın bu addımı onu bu sahədə qabaqcıl ölkələrdən biri kimi göstərir.

© copyright 2022 | tech.az | info@tech.az