Meta şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-nin Federal Ticarət Komissiyası (FTC) ilə məhkəmə prosesindən əvvəl razılıq əldə etməyə çalışıb. Lakin onun təqdim etdiyi təkliflər Komissiyanı razı salmayıb və nəticədə 14 aprel 2025-ci il tarixində məhkəmə iclası başlanıb.
Məqalədə qeyd olunur ki, Mark Zukerberq mart ayının sonunda FTC-nin rəhbəri Endryu Fergyusona ilkin olaraq 450 milyon dollarlıq bir təklif irəli sürüb. Məqsəd – FTC-nin Meta-ya qarşı qaldırdığı antiinhisar iddiasını məhkəməyə çatmadan sülh yolu ilə həll etmək idi. FTC bu çərçivədə Meta-nın ya struktur dəyişikliyi etməsini, ya da Instagram və WhatsApp platformalarının satışını tələb edir.
Lakin təklif olunan 450 milyon dollar FTC-nin gözləntilərinin xeyli altında olub. WSJ-nin məlumatına əsasən, Komissiya bu məsələnin bağlanması üçün Meta-dan 30 milyard dollarlıq cərimə ödəməsini tələb edib. Məhkəmənin yaxınlaşması ilə Zukerberq təklifi 1 milyard dollara qədər artırsa da, FTC-nin rəhbəri bildirib ki, 18 milyard dollardan aşağı heç bir təklif qəbul edilməyəcək.
WSJ yazır ki, Zukerberq Trampın bu məsələ ilə maraqlandığını və Komissiya ilə şirkət arasında potensial sazişə açıq yanaşdığını düşünərək onun dəstəyinə ümid edirdi. Lakin Tramp bu məsələdə heç bir konkret addım atmayıb.
Qeyd edək ki, FTC Meta-ya qarşı antiinhisar istintaqına 2019-cu ildə başlayıb. İlk məhkəmə iddiası 2020-ci ildə təqdim edilib və Meta-nın bazardakı rəqibləri satın alaraq rəqabəti məhdudlaşdırdığı iddia olunub. Həmin il məhkəmə bu iddianı rədd etsə də, FTC 2021-ci ildə yenidən Meta-ya qarşı yeni bir iddia qaldırıb. Meta bu ikinci iddianın da bağlanmasını tələb etsə də, məhkəmə bu tələbi qəbul etməyib və 14 aprel 2025-ci ildə məhkəmə araşdırması başlayıb.
Bu proses, texnologiya nəhəngi Meta-nın ABŞ-də antiinhisar qanunvericiliyi çərçivəsində ciddi təzyiqlərlə üzləşdiyini və tənzimləyici qurumların daha sərt mövqedə dayandığını bir daha göstərir.