Az | EN

ABŞ-da 1 milyard dollarlıq bitkoin oğurlayan şəxs tutulub

Bənövşə Kazımova
09 Noyabr 2022 11:05
362 baxış
ABŞ-da 1 milyard dollarlıq bitkoin oğurlayan şəxs tutulub

tech.az banker.az-a istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatının sakinindən təxminən 1 milyard dollar dəyərində kriptovalyuta müsadirə edilib.

Bu barədə məlumat verən ABŞ Ədliyyə Nazirliyi öz açıqlamasında bildirib ki, həmin şəxs bu əməli törətdiyini etiraf edib. Məlumatlara görə, cinayət 2012-ci ilin sentyabrında baş verib. 

Ceyms Çjun o zaman “Silk Roud” ticarət platformasından 50 minə yaxın bitkoin oğurlayıb. Belə ki, o, kiçik məbləğlərlə saytda hesablar yaradıb və saytdakı boşluqdan istifadə edərək eyni anda həmin hesablardan bir neçə dəfə pul çıxarıb. Beləliklə də, Çjun yatırdığından daha artıq məbləğlər əldə edib. O, daha sonra öz qeydiyyatdan keçirdiyi kimlikləri və vəsaitin mənbələrini gizlətmək üçün fərqli pul kisələrinə köçürüb.

2021-ci ilin noyabrında oğurlanmış bitkoinlərin əhəmiyyətli bir hissəsi Çjunun evinin zirzəmisindəki seyfdə olan rəqəmsal daşıyıcıda tapılıb. Kriptovalyutanın daha bir kiçik hissəsi isə kompüterdə aşkar edilib.

Çjun 2022-ci ilin martında özü mindən çox bitkoini könüllü olaraq təhvil verib. Hazırda onu 20 ilə qədər həbs cəzası gözləyir.

Nəzərinizə çatdıraq ki, “Silk Roud” platforması 2011-ci ildən 2013-cü ilə qədər məxfi internet məkanında xidmət göstərib.

© copyright 2022 | tech.az | info@tech.az