Luma AI startapı Səudiyyə Ərəbistanının Humain şirkətinin rəhbərlik etdiyi investisiya raundunda 900 milyon dollar vəsait cəlb etməyə nail olub. Series C mərhələsi olan bu raundda Amazon, AMD, Andreessen Horowitz və Matrix Partners kimi qlobal texnologiya və investisiya nəhəngləri də iştirak ediblər. Son investisiyalardan sonra startapın bazar dəyərinin 4 milyard dolları keçdiyi bildirilir.
Video, audio və mətn məlumatlarını emal edən multimodal süni intellekt sistemləri üzərində işləyən Luma AI, əldə edilən vəsaiti xüsusilə Ray3 generativ video modelini inkişaf etdirməyə yönəldəcək. Şirkət bu addımla OpenAI-ın Sora və Google-un Veo modelləri ilə rəqabətdə mövqeyini gücləndirməyi hədəfləyir.
Razılaşmanın ən strateji məqamı isə infrastrukturla bağlıdır. Belə ki, startap Humain şirkətinin Səudiyyə Ərəbistanında inşa etdiyi və dünyanın ən böyük süni intellekt hesablama mərkəzlərindən biri olacaq 2 giqavatt gücündəki Project Halo superklasterinin əsas müştərisinə çevriləcək. Bu hesablama gücü Luma AI-a qlobal modellər öyrətmək imkanı verməklə yanaşı, regionda ərəb dilli süni intellekt ekosisteminin yaradılmasına da töhfə verəcək.
