Bakıda keçirilən kibertəhlükəsizlik konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bildirib ki, son üç ildə 457-dən çox dövlət qurumu "Azstate" şəbəkəsinə inteqrasiya edilib. Bu addım nəticəsində həmin qurumların lokal şəbəkə təhlükəsizliyi və mühafizəsi tam təmin olunub.
Qurum rəsmisi vurğulayıb ki, həyata keçirilən lokal mühafizə strategiyası təkcə internet resurslarını deyil, həm də xüsusi və dövlət rabitə xidmətlərini əhatə edir. Onun sözlərinə görə, qlobal internet şəbəkəsində hər hansı kəsinti yaşansa belə, ölkədaxili dövlət informasiya ehtiyatlarının fəaliyyəti dayanıqlı şəkildə davam edəcək. Həmçinin güc strukturları və kritik infrastrukturlar üçün təmin edilən rabitə sistemləri mobil operatorlardan asılı olmayaraq avtonom rejimdə fəaliyyət göstərir. T.Məmmədov xarici asılılığın azaldılması istiqamətində görülən işlərə toxunaraq, dövlət qurumlarında "WhatsApp"a alternativ kimi yerli "Teams" platformasının tətbiq edildiyini də diqqətə çatdırıb.
