Az | EN

Adobe Semrush startapını 2 milyard dollara satın alıb

Nigar Sultanli
20 Noyabr 2025 16:55
36 baxış
Adobe Semrush startapını 2 milyard dollara satın alıb

Adobe, marketinq xidmətləri portfelini genişləndirmək məqsədilə axtarış sistemlərinin optimizasiyası (SEO) üzrə ixtisaslaşmış Semrush startapını təxminən 1,9 milyard dollara satın almaq barədə razılığa gəlib. Razılaşmaya əsasən, Adobe Semrush-ın hər səhmi üçün 12 dollar ödəyəcək ki, bu da şirkətin xəbərdən əvvəlki birja qiymətindən demək olar ki, iki dəfə yüksəkdir.

Adobe-un satın aldığı bu platforma, 2008-ci ildə rəqəmsal marketinq dünyasını daha şəffaf etmək istəyən iki rusiyalı proqramçı – Oleq Şeqolev və Dmitri Melnikov tərəfindən təsis edilib. Texniki təməlləri və ilkin inkişafı Sankt-Peterburqda başlasa da, təsisçilər startapı qlobal səviyyəyə çıxarmaq üçün baş qərargahı ABŞ-nin Boston şəhərinə köçürüblər və şirkət 2021-ci ildə birjaya çıxaraq beynəlxalq statusunu möhkəmləndirib.

Adobe-un bu strateji addımı istifadəçi davranışlarındakı ciddi dəyişikliklərlə əlaqələndirilir. İnsanlar artıq xəbər oxumaq, resept tapmaq və ya alış-veriş etmək üçün ənənəvi axtarış sistemlərindən daha çox süni intellekt çatbotlarına üz tuturlar. Statistikaya görə, son bir ildə süni intellekt çatbotlarından pərakəndə satış saytlarına yönləndirilən trafik 1200% artıb. Buna görə də Adobe, şirkətlərin gələcəkdə ənənəvi SEO ilə yanaşı, "Generativ Mühərrik Optimizasiyası"na (GEO) – yəni ChatGPT, Claude və digər Sİ platformalarında görünməyə daha çox sərmayə qoyacağını proqnozlaşdırır. Semrush-ın illər ərzində topladığı təcrübə Adobe-a bu yeni dövrdə marketoloqlara daha geniş imkanlar təqdim etməyə şərait yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az