Az | EN

"Xiaomi"dən xəbərdarlıq: 2026-cı ildə smartfonlar kəskin bahalaşacaq

Nigar Sultanli
20 Noyabr 2025 14:59
37 baxış
"Xiaomi"dən xəbərdarlıq: 2026-cı ildə smartfonlar kəskin bahalaşacaq

"Xiaomi" şirkətinin prezidenti Lu Veybinq bəyan edib ki, 2026-cı ildə smartfon qiymətlərində əhəmiyyətli artım gözlənilir. "Reuters"in məlumatına görə, şirkət rəsmisi bu artımı süni intellekt sənayesinin sürətli inkişafı və yaddaş çiplərinə olan tələbatın dəyişməsi ilə əlaqələndirib.

Veybinqin sözlərinə görə, qlobal texnologiya nəhəngləri süni intellekt üçün nəzərdə tutulan data mərkəzlərini genişləndirdikcə, yüksək məhsuldarlıqlı yaddaş modullarına ehtiyac artır. Bu səbəbdən "Samsung" və digər əsas istehsalçılar diqqəti adi smartfon yaddaşlarından daha bahalı və defisit olan HBM (High Bandwidth Memory) yaddaşlarına yönəldiblər. İstehsal gücünün bu istiqamətə dəyişməsi isə smartfon komponentlərinin maya dəyərini bahalaşdırır.

Şirkət rəhbəri yeni "Redmi K90" seriyasının yüksək qiymətini də məhz bu amillə izah edib. Qeyd edək ki, "Xiaomi" üçüncü rübdə 43,3 milyon smartfon tədarük edərək qlobal bazarda 13,6% payla üçüncü yerini qoruyub saxlayıb

© copyright 2022 | tech.az | info@tech.az