Polşanın süni intellekt sahəsində ən uğurlu startaplarından biri olan ElevenLabs dövlət dəstəyi alıb. Polşa hökuməti açıqlayıb ki, ölkənin rəsmi inkişaf bankı Bank Gospodarstwa Krajowego (BGK) vasitəsilə şirkətə 11 milyon dollar investisiya yatırılıb.
Məlumata görə, investisiya ElevenLabs-in bu ilin fevral ayında başa çatan D seriyası maliyyələşdirmə raundunun şərtləri əsasında həyata keçirilib. Şirkətin həmin raunddakı 11 milyard dollarlıq qiymətləndirməsi BGK üçün də qüvvədə saxlanılıb. Bu investisiya həm də ElevenLabs-in ilk dəfə Polşalı institusional investordan maliyyə cəlb etməsi ilə diqqət çəkir.
Hökumət investisiyayla yanaşı, ölkənin süni intellekt ekosisteminin inkişafı üçün yeni platforma da təqdim edib. İqtisadiyyat naziri Andjey Domanşki tərəfindən elan olunan “AI Lab Poland” təşəbbüsü süni intellekt şirkətlərini dəstəkləmək məqsədilə kapitalı, texnologiyanı, akademik dairələri və biznes sektorunu bir araya gətirəcək.
Nazir bildirib ki, süni intellekt vaxtilə elektrik və internetin yaratdığı təsir kimi qlobal iqtisadiyyatı dəyişdirir və Polşa bu prosesdən kənarda qala bilməz.
Polşanın Baş naziri Donald Tusk isə ElevenLabs-in qurucularını “dünyanı fəth edən polyaklar” adlandıraraq şirkətin uğurunu ölkə üçün mühüm nailiyyət kimi qiymətləndirib.
Qeyd edək ki, ElevenLabs son illərdə hazırladığı süni intellekt əsaslı səs texnologiyaları ilə qlobal bazarda sürətlə böyüyərək Avropanın ən dəyərli AI startaplarından birinə çevrilib.
