Amazon bildirib ki, Comet özünü süni intellekt aləti kimi təqdim etmədən istifadəçilər adından alış-veriş edib.
Amazon ilə süni intellekt startapı Perplexity arasında gərginlik artır. E-ticarət nəhəngi, Perplexity-nin "Comet" adlı süni intellekt dəstəkli alış-veriş köməkçisini, Amazon-un xidmət şərtlərini pozduğu səbəbilə platformadan qaldırıb.
Perplexity-yə dəfələrlə xəbərdarlıq etdiyini bildirən Amazon, Comet-in qaydaları pozduğunu bəyan edib. Səbəb olaraq, Comet-in istifadəçilər adından alış-veriş edərkən özünü süni intellekt agenti kimi təqdim etməməsi göstərilib. Xəbərdarlıqlardan sonra Amazon, Perplexity-yə qarşı sərt ifadələrin yer aldığı rəsmi "fəaliyyəti dayandır və imtina et" (cease-and-desist) məktubu göndərib.
Perplexity bu addıma "Zorakılıq innovasiya deyil" (Bullying is not innovation) başlıqlı bir bloq yazısı ilə cavab verib.
Startap öz mövqeyini belə ifadə edib: "Amazondan, Comet istifadəçilərinin Amazon üzərində süni intellekt köməkçilərindən istifadəsini qadağan etməyimizi tələb edən aqressiv bir hüquqi təhdid aldıq. Bu, Amazon-un bir süni intellekt şirkətinə qarşı ilk hüquqi hücumudur və bütün internet istifadəçiləri üçün bir təhlükədir".
Perplexity iddia edir ki, Comet insan istifadəçilərin birbaşa göstərişi ilə hərəkət edir və buna görə də eyni icazələrə sahib olmalıdır. Şirkətə görə, istifadəçi adından əməliyyat aparan süni intellekt köməkçisinin əlavə olaraq "mən botam" deməsinə ehtiyac yoxdur.
Amazon isə cavab verməkdə gecikməyib. Şirkət bildirib: "Digər bütün vasitəçi tətbiqlər öz kimliklərini açıq şəkildə bəyan etdiyi halda, Perplexity-nin fərqli davranması qəbuledilməzdir. Üçüncü tərəf tətbiqləri, müştərilər adından əməliyyat həyata keçirərkən kim olduqlarını aydın şəkildə bildirməli və xidmət təminatçılarının (bu prosesə icazə verib-verməmə) qərarına hörmət etməlidirlər".
Perplexity oxşar bir problemi ötən aylarda Cloudflare ilə də yaşamışdı. Cloudflare, Perplexity-ni bəzi veb-saytların "bot girişini bağla" xəbərdarlıqlarına baxmayaraq gizli şəkildə "taramaqla" (crawling) ittiham etmişdi. Süni intellekt startapı o zaman da "istifadəçi tələbi ilə hərəkət etdiyini" savunmuşdu. Lakin Perplexity-nin bəzən kimliyini gizlədərək saytlara daxil olduğu da sənədlərlə sübut olunmuşdu.
