Anthropic ABŞ hökumətinin tələbindən sonra Fable 5 və Mythos 5 modellərinə çıxışı bütün müştərilər üçün müvəqqəti olaraq dayandırıb. Şirkətin açıqlamasına görə, milli təhlükəsizlik qurumlarının tövsiyəsi əsasında yayımlanan direktiv xarici vətəndaşların bu modellərdən istifadəsinin məhdudlaşdırılmasını tələb edir.
Anthropic bildirib ki, göstəriş yalnız ABŞ-dan kənarda yaşayan istifadəçilərə deyil, ölkə daxilində olan xarici vətəndaşlara, eləcə də şirkətin xarici əməkdaşlarına da şamil olunur. Tələbi yerinə yetirmək üçün Fable 5 və Mythos 5 modelləri bütün müştərilər üçün deaktiv edilib. Digər Claude modellərinin fəaliyyəti isə əvvəlki qaydada davam edəcək.
Şirkətin sözlərinə görə, hökumətdən göndərilən məktubda təhlükəsizliklə bağlı konkret narahatlıqlar açıqlanmayıb. Anthropic hesab edir ki, qərarın səbəbi Fable 5 modelində müəyyən “jailbreak” üsullarının aşkarlanması ola bilər.
Anthropic bu qərarla razı olmadığını da vurğulayıb. Şirkət qeyd edib ki, Fable 5 istifadəyə verilməzdən əvvəl ABŞ hökuməti və müstəqil təşkilatlarla birlikdə minlərlə saat ərzində təhlükəsizlik yoxlamalarından keçirilib və model üçün güclü qoruma mexanizmləri yaradılıb.
“Potensial məhdud bir jailbreak üsulunun aşkarlanmasının kommersiya modelinin geri çağırılması üçün əsas olmamalı olduğuna inanırıq. Bunun anlaşılmazlıq olduğunu düşünür və çıxışın ən qısa zamanda bərpası üçün çalışırıq”, – deyə Anthropic açıqlamasında bildirib.
Qeyd edək ki, Anthropic 2026-cı ilin iyun ayında Claude Fable 5 modelini təqdim etmişdi. Şirkət həmin vaxt modeldən sui-istifadənin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq etmiş, bəzi həssas mövzularda sorğuların daha təhlükəsiz Claude Opus 4.8 modelinə yönləndirildiyini açıqlamışdı. Eyni zamanda Mythos 5 modelinin qapalı versiyası yalnız məhdud sayda kibertəhlükəsizlik mütəxəssisləri və infrastruktur provayderləri üçün istifadəyə verilmişdi.
