Apple süni intellekt imkanlarını genişləndirmək məqsədilə kameralı AirPods üzərində çalışır. Məlumata görə, şirkət hazırda daxili kameralarla təchiz olunmuş yeni AirPods modelinin son test mərhələsini həyata keçirir.
Bildirilir ki, cihazdakı aşağı keyfiyyətli kameralar foto və video çəkmək üçün deyil, vizual məlumatları Siri-yə ötürmək üçün istifadə olunacaq. Bu texnologiya sayəsində istifadəçilər ətrafdakı obyektlər barədə səsli suallar verə biləcəklər.
Məlumatların bulud sisteminə göndərilməsi zamanı cihazda xüsusi LED indikator yanacaq. Apple ilkin olaraq məhsulu 2026-cı ilin ilk yarısında təqdim etməyi planlaşdırsa da, yenilənmiş Siri ilə bağlı problemlər səbəbindən təqdimat təxirə salınıb.
Şirkətin yeni modeli sentyabr ayında təqdim edə biləcəyi bildirilir. Bununla yanaşı, vizual süni intellekt funksiyalarının Apple standartlarına cavab verməməsi halında buraxılışın yenidən gecikə biləcəyi qeyd olunur.
