Türkiyədə keçirilən SAHA 2026 müdafiə, aviasiya və kosmik sənaye sərgisində rekord həcmdə ixrac müqavilələri imzalanıb. Məlumata görə, sərginin ilk üç günündə türk şirkətləri ümumilikdə 8 milyard dollar dəyərində ixrac sazişi bağlayıblar.
Rəsmi açıqlamada bildirilib ki, əldə olunan nəticə Türkiyənin müdafiə sənayesində qlobal mövqeyinin gücləndiyini göstərir. Sərgidə yerli və milli texnologiyaların geniş şəkildə nümayiş olunduğu vurğulanıb.
Açıqlamada “Milli Texnologiya Hərəkatı” çərçivəsində fəaliyyət göstərən şirkətlərin beynəlxalq bazarda uğurlar qazandığı qeyd olunaraq, bütün SAHA üzvləri təbrik edilib. Həmçinin Türkiyənin əsas məqsədinin texnologiya sahəsində tam müstəqilliyə nail olmaq olduğu bildirilib.
Ekspertlər hesab edirlər ki, müdafiə sənayesində artan ixrac göstəriciləri Türkiyənin regional və qlobal bazarda təsirini daha da artırır. SAHA 2026 sərgisi isə ölkənin istehsal və texnologiya potensialını nümayiş etdirən əsas platformalardan biri kimi qiymətləndirilir.
