Az | EN

Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqlədi

Cəmil Hüseynzadə
23 Fevral 2026 12:57
90 baxış
Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatı-nın Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Qeyd edək ki, sənəd 25 oktyabr 2025-ci ildə Hanoy şəhərində imzalanıb.

Konvensiyanın əsas məqsədi kibercinayətkarlığın qarşısını almaq, dövlətlər arasında əməkdaşlığı gücləndirmək və inkişaf etməkdə olan ölkələrə texniki dəstək göstərməkdir. Sənəd üzv dövlətlərdən İKT sistemlərinə qanunsuz giriş (hakinq), məlumatların qanunsuz ələ keçirilməsi, elektron məlumatlara və sistemlərə müdaxilə kimi əməllərin cinayət hesab olunmasını tələb edir.

Bununla yanaşı, onlayn mühitdə uşaqların cinsi istismarı materiallarının hazırlanması və yayılması, uşaqların cinsi məqsədlərlə tora salınması (grooming), həmçinin intim görüntülərin razılıq olmadan paylaşılması beynəlxalq səviyyədə cinayət kimi müəyyən edilir.

Konvensiya elektron sübutların sürətli qorunması, axtarışı və müsadirəsi, eləcə də trafik məlumatlarının real vaxt rejimində toplanması üçün hüquqi mexanizmlər yaradır. Eyni zamanda, sənədin tətbiqi zamanı insan hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi təsbit olunub.

Kibercinayətlərlə mübarizədə operativliyi təmin etmək məqsədilə dövlətlər arasında 24/7 fəaliyyət göstərən əlaqə nöqtələrinin yaradılması, ekstradisiya və qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsi də Konvensiyanın mühüm müddəalarındandır. Sənəd 40 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

© copyright 2022 | tech.az | info@tech.az