Az | EN

INMerge 2026 Türkiyədən başladı

Cəmil Hüseynzadə
23 Fevral 2026 13:49
55 baxış
INMerge 2026 Türkiyədən başladı

Regionun ən böyük innovasiya platforması INMerge 2026 Roadshow seriyasına İstanbuldan start verib. Texnologiya və startap dünyasının aparıcı nümayəndələrini bir araya gətirən INMerge İnnovasiya Sammitində transformasiyanın kodları, böyümə strategiyaları və miqyaslanma dinamikası müzakirə olunub. Tədbirdə startaplar da yarışıb.

Hər il Bakıda dünyanın müxtəlif ölkələrindən biznes və startap ekosistemi liderlərini bir araya gətirən Orta Avrasiya regionunun ən böyük innovasiya platforması INMerge qlobal genişlənmə strategiyası çərçivəsində 2026 seriyasının ilk tədbirini İstanbulda keçirib. Türkiyədə ikinci dəfə təşkil olunan INMerge İnnovasiya Sammitində biznes və sahibkarlıq dünyasının aparıcı simaları iştirak edib. Tədbirdə innovasiya, böyümə və miqyaslanma mövzuları müzakirə olunub, perspektivli startaplar münsiflər heyəti qarşısında çıxış ediblər. Yarışmanın qalibi Omnitive olub, B2Metric Wellbees isə ikinci yeri bölüşərək Bakıda keçiriləcək əsas zirvəyə qatılmaq hüququ qazanıblar.

Startap ekosisteminin əhəmiyyəti vurğulanıb

PASHA Holding-in innovasiya rəhbəri Tuğra Musayevanın açılış nitqi ilə başlayan tədbir, dünyanın ən yaxşı 10 qlobal futuristi sırasında göstərilən The Futurists Network-ün qurucusu və CEO-su Brett King-in çıxışı ilə davam edib. “Kapital və Səriştə: Uzunmüddətli İqtisadi Gücü Formalaşdıran Liderlik Seçimləri” adlı paneldə Egon Zehnder-in qlobal tərəfdaşı Engin Güven-in moderatorluğu ilə PASHA Holding-in CEO-su Cəlal Qasımov və Fiba Qrupunun İdarə Heyətinin sədri Murat Özyeğin təcrübələrini bölüşüblər.

“Rəqəmsal Qaliblərin Miqyaslanması: Böyümə, Etibar və Platforma İdarəetməsi” panelində McKinsey & Company-nin baş tərəfdaşı Özgür Tanrıkulu-nun moderatorluğu ilə PASHA Financial Holding-in CEO-su Fərid Məmmədov və Trendyol Qrupunun CEO-su Erdem İnan çıxış ediblər.

Zirvənin son sessiyası isə Wamo İdarə Heyətinin üzvü Deniz Güvenin moderatorluğu ilə SOCAR Türkiyə CEO-su Elçin İbadov, Colendi-nin həmtəsisçisi Bülent Tekmen, Midas-ın qurucusu və CEO-su Egem Eraslan və Fingate.io-nun həmtəsisçisi və CEO-su Alper Akcan-ın iştirakı ilə “Davamlı Nəhənglərin Qurulması: Böyük Şirkətlər Miqyaslı Transformasiyanı Necə Reallaşdırır?” mövzusunda keçirilib.

Çıxış və panel sessiyalarında rəqəmsal transformasiya, korporativ mədəniyyət, genişmiqyaslı dəyişiklik strategiyaları və ekosistem əməkdaşlığı kimi mühüm mövzular müzakirə olunub. Sessiyalarda startap ekosisteminin Türkiyə və region üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Qasımov: “Regional innovasiya ekosisteminin böyüməsinə töhfə veririk”

PASHA Holding-in CEO-su Cəlal Qasımov bildirib:
“INMerge-i 2021-ci ildə təsis edərkən məqsədimiz sadəcə konfrans təşkil etmək deyildi. Sahibkarlar, investorlar və innovasiya liderləri üçün əməkdaşlıq, investisiya və miqyaslanma imkanları yaradan platforma quraraq regional innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəflədik. INMerge uzunmüddətli innovasiya yönümlü böyüməni dəstəkləyən davamlı platforma kimi formalaşdırılıb. Bu gün isə onu Azərbaycan sərhədlərindən kənara çıxararaq təsir dairəsini genişləndirməyi planlaşdırırıq. Məqsədimiz Orta Avrasiyanı daha inteqrə olunmuş və qlobal rəqabətədavamlı innovasiya mərkəzinə çevirməkdir.”

INMerge haqqında

2021-ci ildən etibarən Azərbaycanın ən böyük biznes qruplarından biri olan PASHA Holding tərəfindən təşkil edilən INMerge cəsarətli ideyaları dəstəkləyən, regional əməkdaşlığı təşviq edən və davamlı təsir yaradan platformadır. Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, eləcə də MENA və Şərqi Avropa regionlarına strateji fokuslanan INMerge Bakıda keçirilən əsas tədbirlə yanaşı, regional tədbirlər də təşkil edir və innovativ layihələrin yeni bazarlara çıxışına dəstək verir.

© copyright 2022 | tech.az | info@tech.az