Az | EN

Samsung Perplexity AI ilə tərəfdaşlığa başlayıb

Cəmil Hüseynzadə
23 Fevral 2026 11:05
58 baxış
Samsung Perplexity AI ilə tərəfdaşlığa başlayıb

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung süni intellekt əsaslı axtarış sistemi hazırlayan Perplexity AI ilə strateji tərəfdaşlıq qurduğunu açıqlayıb. Şirkət yeni inteqrasiyanı 25 fevral 2026-cı ildə təqdim edəcək.

Məlumata görə, Perplexity-nin süni intellekt axtarış funksiyaları birbaşa Galaxy S26 smartfon xəttinə inteqrasiya olunacaq. İstifadəçilər sistemi “Hey Plex” səsli əmri vasitəsilə və ya cihazın yan düyməsini xüsusi olaraq bu funksiya üçün təyin etməklə aktivləşdirə biləcəklər.

Perplexity, Samsung-un Galaxy AI ekosisteminə daxil edilən ilk süni intellekt şirkətlərindən biri olacaq. Şirkətin alqoritmləri bir sıra daxili tətbiqlərə, o cümlədən “Qeydlər”, “Saat”, “Qalereya”, “Təqvim” və “Xatırlatmalar” bölmələrinə inteqrasiya ediləcək. Bununla belə, əlavə texniki detallar hələlik açıqlanmayıb.

Bundan əvvəl, 2025-ci ilin iyun ayında Bloomberg agentliyi Samsung-un Perplexity-ni Galaxy S26 modellərinə inteqrasiya etməklə bağlı danışıqlar apardığını bildirmişdi. Məlumata əsasən, Perplexity yeni seriyada təqdim olunacaq assistentlərdən biri olacaq və eyni zamanda Bixby səsli köməkçisinin bir hissəsi kimi fəaliyyət göstərəcək.

Yeni tərəfdaşlıq Samsung-un süni intellekt imkanlarını genişləndirmək və smartfon bazarında rəqabət üstünlüyünü artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az