Az | EN

Rusiyada internet kəsintiləri həkimlərin işini iflic edib

Cəmil Hüseynzadə
15 May 2026 16:26
61 baxış
Rusiyada internet kəsintiləri həkimlərin işini iflic edib

Rusiyada internetin mütəmadi olaraq məhdudlaşdırılması artıq səhiyyə sisteminə də ciddi təsir göstərməyə başlayıb. Yerli KİV-lərin yaydığı məlumata görə, “Справочник врача” tətbiqinin keçirdiyi sorğuda iştirak edən 1627 həkimin böyük hissəsi internet kəsintilərinin iş prosesini çətinləşdirdiyini bildirib.

Sorğunun nəticələrinə əsasən, həkimlərin təxminən yarısı çalışdıqları tibb müəssisələrində sabit internetin olmadığını deyib. Bu səbəbdən mobil internetin bloklanması xəstəxana və klinikalarda işi demək olar ki, iflic vəziyyətinə salır.

Respondentlərin 59 faizi tibbi tətbiqlərə daxil olmaqda problem yaşadıqlarını, 49 faizi isə elmi məqalələrə və tibbi məlumat bazalarına çıxışın məhdudlaşdığını bildirib. Bundan əlavə, analiz nəticələrinin göndərilməsi, xəstə məlumatlarının sistemə ötürülməsi və həkimlər arasında əlaqə də çətinləşib.

İnternet problemlərinin pasiyentlərə də təsir etdiyi qeyd olunur. Məlumata görə, Rusiyanın Tula vilayətində yaşayan onkoloji xəstə vaxtında həkimlə əlaqə saxlaya bilmədiyi üçün müalicə prosesi pozulub.

Mütəxəssislər hesab edir ki, məsələ səhiyyə kimi həssas sahəyə təsir göstərdiyi üçün problemin həlli ilə bağlı addımlar gecikdirilməməlidir.

© copyright 2022 | tech.az | info@tech.az