Dubayın milli aviadaşıyıcısı olan Emirates şirkəti Airbus A380 və Boeing 777 təyyarələrində Starlink peyk internetinin tətbiqinə başlayıb. Yeni xidmət bütün sərnişinlər üçün — sinif fərqi olmadan — tamamilə pulsuz olacaq.
Şirkət 2025-ci ildə Starlink ilə əməkdaşlıq barədə razılıq əldə etmişdi. Emirates-in yaydığı məlumata görə, artıq 32 ədəd Boeing 777 və ilk Airbus A380 layneri pulsuz Wi-Fi sistemi ilə təchiz olunub və bu təyyarələr kommersiya reyslərinə başlayıb.
Yeni sistem sayəsində sərnişinlər uçuş zamanı videozəng edə, fayllar yükləyə, onlayn işləyə, oyun oynaya və internet mağazalarından alış-veriş edə biləcəklər.
Şirkət gələcəkdə Starlink üzərindən canlı televiziya yayımlarını da istifadəyə verməyi planlaşdırır. İlk mərhələdə bu xidmət mobil tətbiqlərdə, daha sonra isə oturacaq arxasındakı ekranlarda əlçatan olacaq.
Peyk internetinin quraşdırılması Böyük Britaniyada həyata keçirilir. Emirates 2027-ci ilin sonuna qədər bütün donanmasını — ümumilikdə 232 təyyarəni — Starlink sistemi ilə təchiz etməyi hədəfləyir.
