Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərikard" MMC-nin öz müraciəti əsasında fəaliyyət lisenziyasını məhdudlaşdırıb. Bu qərar nəticəsində prosessinq mərkəzi olan "Azərikard" gələcəkdə elektron pul təşkilatı kimi yox, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru kimi fəaliyyətini davam etdirəcək.
Mərkəzi Bankın yaydığı məlumata görə, şirkətə ilkin olaraq 12 sentyabr 2024-cü il tarixində iki əsas fəaliyyət üçün lisenziyalar verilmişdi. Bunlardan biri "ödəniş sisteminin operatoru" fəaliyyətinə (ÖSO-001 nömrəli) aid idi. Digər lisenziya (EPT-011 nömrəli) isə "ödəniş əməliyyatının ekvarinqi" ilə yanaşı, "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası"nı əhatə edirdi.
Lakin, Təşkilatın müraciəti əsasında AMB-nin İdarə Heyətinin 08 oktyabr 2025-ci il tarixli Qərarı ilə şirkətin lisenziyasından "elektron pul emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası" üzrə ödəniş xidməti ləğv olunub. Bu məhdudlaşdırma ilə "Azərikard"ın fəaliyyət profili rəsmən dəyişdirilmiş oldu.