Böyük Britaniyada fəaliyyət göstərən daşınmaz əmlak və maliyyə texnologiyaları startapı OneDome ev alqı-satqısı bazarında mövqelərini genişləndirmək məqsədilə 25 milyon dollar həcmində yeni investisiya cəlb edib.
Pre-Series C mərhələsində baş tutan bu maliyyələşmə raundundan sonra startapın indiyədək topladığı ümumi investisiya həcmi 40 milyon dollara çatıb. Yeni investisiyaya ötən ilin sonunda açıqlanan və dəyəri 7,5 milyon funt sterlinqə qədər qiymətləndirilən Channel 4 ilə media-for-equity razılaşması da daxildir.
OneDome startapı ev alma prosesini sadələşdirmək məqsədilə ipoteka məsləhəti, hüquqi sənədləşmə və alqı-satqı əməliyyatlarının idarə edilməsini vahid platformada birləşdirir. 2023-cü ildə OneDome onlayn ipoteka brokeri Trussle-ı satın alıb. Daha əvvəl Goldman Sachs da daxil olmaqla iri investorların dəstək verdiyi Trussle-ın alınması startapın ipoteka paylanması imkanlarını xeyli gücləndirib. OneDome-un idarə heyətinə Böyük Britaniyada tanınmış hüquqşünas Ser Naycel Noulz rəhbərlik edir. Startap qarşıdakı beş il ərzində ölkədə həyata keçirilən ev alqı-satqısı əməliyyatlarının 10 faizində iştirak etməyi hədəfləyir.
Hazırda platforma aylıq təxminən 1,4 milyard dollar həcmində ipoteka kreditinin rəsmiləşdirilməsində vasitəçilik edir. OneDome eyni zamanda 500-dən çox ipoteka brokeri ilə əməkdaşlıq edir və bu göstəricilərlə Böyük Britaniyada fəaliyyət göstərən ən iri proptech platformalarından biri sayılır.
Startap artıq mənfəətlə fəaliyyət göstərdiyini açıqlayıb və 2026-cı ilin sonunadək gəlirlərini üç dəfə artırmağı planlaşdırır.
Təsisçinin mövqeyi
OneDome-un qurucusu və baş icraçı direktoru Babək İsmayıl bildirib ki, ev alma prosesi hələ də insanlar üçün ən stresli maliyyə əməliyyatlarından biridir:
“Biz OneDome-u bu prosesi sadələşdirmək üçün yaratdıq. Məqsədimiz ev alqı-satqısını parçalanmış və mürəkkəb prosesdən çıxarıb sadə və şəffaf bir təcrübəyə çevirməkdir. Bu investisiya startapımızın daha sürətlə böyüməsinə imkan verəcək.”
