ABŞ Ədliyyə Nazirliyinin (DOJ) açıqladığı yeni Epstein sənədlərində Microsoft-un mərhum seks cinayətkarı Cefri Epşteyni Xbox Live onlayn oyun platformasından daimi olaraq blokladığı üzə çıxıb. Sənədlərə əsasən, qərar 19 dekabr 2013-cü ildə qəbul edilib.
Microsoft tərəfindən Epşteynin şəxsi elektron poçt ünvanına göndərilən rəsmi bildirişdə onun Xbox Live hesabının tamamilə dayandırıldığı qeyd olunub. İlkin məktubda bloklanma səbəbi kimi digər istifadəçilərə qarşı təhqir, təqib və sui-istifadə halları göstərilsə də, daha sonra göndərilən əlavə e-poçtda əsas səbəb açıqlanıb.
Həmin bildirişə görə, Microsoft 2012-ci ildə Nyu-York Baş Prokurorluğu ilə birgə həyata keçirilən təşəbbüs çərçivəsində qeydiyyatda olan seks cinayətkarlarını onlayn oyun platformalarından uzaqlaşdırmağa başlayıb. Cefri Epşteynin də bu səbəbdən Xbox Live-dan kənarlaşdırıldığı bildirilib. Qərarın məqsədi xüsusilə uşaqlar üçün risklərin azaldılması olub.
Qeyd edək ki, Cefri Epşteyn 2009-cu ildə azyaşlıya qarşı cinayətlə bağlı həbs cəzası çəkdikdən sonra rəsmi olaraq seks cinayətkarı kimi qeydiyyata alınıb. Sənədlər onun Xbox Live hesabını 2012-ci ildə yaratdığını, bloklanmanın isə təxminən bir il sonra tətbiq edildiyini göstərir. Bununla belə, Epşteynin platformadan aktiv istifadə edib-etmədiyi hələ də aydın deyil.
