Belkin şirkəti 2026-cı il yanvarın 31-dən etibarən “Wemo” ağıllı ev cihazları və bu cihazları idarə etmək üçün nəzərdə tutulan mobil tətbiqə texniki dəstəyin dayandırılacağını elan edib. Bu qərar bir çox istifadəçini məyus edib, çünki söhbət ağıllı işıq açarları, rozetkalar, körpə monitorları, mətbəx və istilik cihazları, hava təmizləyiciləri və digər ağıllı məhsullardan gedir.
Şirkətin müştərilərə göndərdiyi məktubda qeyd olunur ki, bu addım asan verilməyib, lakin Belkin gələcəkdə resurslarını digər istiqamətlərə yönəltmək qərarına gəlib. 2011-ci ildən bu günə qədər “Wemo” istifadəçilərə rahat və innovativ ağıllı ev həlləri təqdim edirdi. Lakin texnologiyanın sürətli inkişafı səbəbindən şirkət indi diqqətini digər sahələrə yönəldir.
Qərara əsasən:
- 2026-cı il yanvarın 31-dən sonra Wemo tətbiqi artıq işləməyəcək.
- Cihazların bulud (cloud) bağlantısı üzərindən idarəsi, məsafədən nəzarət və səsli əmrlər kimi funksiyalar dayandırılacaq.
- Texniki dəstək, proqram təminatı yeniləmələri və nasazlıq hallarında yardım göstərilməyəcək.
Bununla belə, Apple HomeKit üçün konfiqurasiya olunmuş cihazlar bulud servisindən asılı olmadıqları üçün işləməyə davam edəcək. Həmçinin zəmanət müddəti hələ davam edən cihazlar üçün qismən geri ödəniş təklif edilə bilər.
Bu hal bir daha göstərir ki, ağıllı ev texnologiyasına güvənən istifadəçilər üçün şirkətlərin dəstək siyasəti həyati əhəmiyyət daşıyır. Belkin kimi texnologiya nəhənglərinin belə kütləvi şəkildə dəstəyi dayandırması, istifadəçilərin gündəlik həyatına birbaşa təsir edə bilər və gələcəkdə ağıllı cihaz alarkən daha diqqətli seçim etməyə səbəb ola bilər.