ABŞ-ın Nyu-York şəhərində yerləşən Cap Labs startapı gəlir (yield) əsaslı stabilkoin infrastrukturu yaratmaq məqsədilə Franklin Templeton və Triton Capital-in rəhbərlik etdiyi investisiya raundunda 8 milyon dollar vəsait cəlb edib. Beləliklə, şirkətin ümumi investisiya məbləği 11 milyon dollara çatıb.
İnvestisiya turunda həm kriptovalyuta, həm də ənənəvi maliyyə sahəsindən olan nüfuzlu adlar – Flow Traders, Laser Digital, GSR və IMC Trading, eləcə də Curve platformasının qurucusu Maykl Eqorov və LayerZero-nun həmtəsisçisi Brayan Pelleqrino iştirak ediblər.
Cap Labs teminatla təmin olunan gəlir təqdim edən stabilkoin mexanizmi üzərində çalışır. Şirkət, fərdi istifadəçilərin və qurumların daha təhlükəsiz və davamlı şəkildə gəlir əldə etməsinə imkan yaratmağı qarşısına məqsəd qoyub.
Mərkəzsiz maliyyə (DeFi) ilə ənənəvi maliyyə modellərini birləşdirən Cap Labs, həmçinin yüksək tezlikli əməliyyatlar aparan şirkətlər və özəl kredit fondları ilə əməkdaşlıq quraraq davamlı gəlir mənbələri formalaşdırır. İstifadəçilər öz vəsaitlərini EigenLayer kimi platformalara yatıraraq və ya təminat göstərərək gəlirlərini artıra bilirlər.
Cap Labs-ın qurucusu Benjamin Lens bildirib:
“Mərkəzsiz maliyyənin növbəti geniş yayılma mərhələsinə keçməsi üçün infrastrukturun əsas diqqəti istifadəçilərin qorunmasına yönəlməlidir. EigenLayer-in təqdim etdiyi paylaşılmış təhlükəsizlik modeli ilə dəstəklənən Cap platforması zəncirüstü maliyyə üçün yeni bir təhlükəsizlik standartı yaradır.”
Şirkət 2025-ci ilin ikinci rübündə layihənin rəsmi istifadəyə verilməsini planlaşdırır.