Bloqerlərin Reklamlarına Kimlər İnanır?
Son illər Azərbaycanda marketinqin ən diqqətçəkən sahələrindən biri “influencer” marketinq olub. Sosial mediada rahat iş mühiti, azadlıq və tanınmışlıq arzusu bir çox insanı “influencer” olmağa həvəsləndirir. İlk baxışdan bu sahə asan və cəlbedici görünsə də, əslində onun nə qədər təsirli və effektiv olduğu mübahisəli bir mövzudur.
“Influencer” və Bloqer: Fərq Nədir?
Əvvəlcə bu iki anlayış arasındakı fərqi aydınlaşdırmaq lazımdır. Bloqer və “influencer” hər zaman eyni şeyi ifadə etmir. Bloqerlər, əsasən, məzmun yaratmağa fokuslanır və müəyyən bir mövzu ətrafında məlumat paylaşırlar. Onların əsas məqsədi auditoriyaya faydalı və ya maraqlı məlumat təqdim etməkdir.
“Influencer”lər isə fərqli yanaşma göstərir. Onların əsas gücü sosial mediada izləyicilərinə təsir göstərmək və onları müəyyən məhsulları və ya xidmətləri seçməyə təşviq etməkdir. Bu səbəbdən, hər “influencer” həm də bloqer ola bilər, lakin hər bloqer “influencer” deyil.
Azərbaycanda Bloqerlər və “influencer”lər
Azərbaycan bazarında "“influencer”" adlandırıla biləcək şəxs sayı olduqca məhduddur. Onların əsas funksiyası təsir yaratmaq olsa da, çox zaman izləyicilər onlara yalnız əyləncə məqsədilə baxır və məhsul seçimində onların tövsiyələrinə ciddi yanaşmır. Buna baxmayaraq, ölkədə bloqerlər olduqca geniş yayılıb. Xüsusilə, yemək və restoran mövzuları ətrafında fəaliyyət göstərən bloqerlər üstünlük təşkil edir.
Bloqer Reklamlarının Effektivliyi
Bloqerlərin reklamlarının nə qədər təsirli olması isə müzakirə mövzusudur. Tech.az Media olaraq keçirdiyimiz bir sorğuya əsasən, izləyicilərin cəmi 18%-i bloqerlərin reklamlarına inanır. Bu isə insanların bloqerlərə etimadının azaldığını göstərir.
Niyə Bloqer Reklamlarına İnam Azalıb?
Məqsədli deyil, kommersiya yönümlü reklamlar: İnsanlar düşünür ki, bloqerlərin tövsiyələri yalnız reklam müqavilələrinə əsaslanır. Məsələn, eyni bloqer rəqib brendlərin məhsullarını ardıcıl olaraq məsləhət görürsə, bu, izləyicilərdə etibarsızlıq yaradır.
Şişirdilmiş təqdimatlar: Reklam olunan məhsulun keyfiyyəti ilə real təcrübə arasında uyğunsuzluq izləyiciləri məyus edir. Bu, bloqerlərin etibarını daha da azaldır.
Reklamın adi hala çevrilməsi: Bloqerlərin paylaşımlarının böyük hissəsinin reklam xarakterli olması izləyiciləri yorur və onları bu məzmunlara qarşı həssaslaşdırır.
Mövzu ilə bağlı marketinq mütəxəssisi Mələk Heydərova Tech.az Media ilə fikirlərini bölüşüb:
"İndi məşhurluğun ən asan yolu sosial şəbəkələrdən keçir. Sosial şəbəkələr artdıqca özümüzü göstərə biləcəyim kanallarda artır. Bu da məşhurluq yolumuzu daha da asanlaşdırır. İstənilən sosial şəbəkədə kütlə yığan, hər anını paylaşan insanlara “influencer” və blogger deyirik. Bəs bu belədirmi? Bir cümlə ilə bu sualın cavabını versək əgər: hər şey kütlədən asılır. Daha doğrusu “influencer”in yığdığı kütlənin loyallığından. Loyallığı isə çox kütlə və izləmədə görürük. Təcrübəmə əsasən onu deyim ki, çox kütlə və izləmə “influencer”in sizə xeyr gətirəcəyi və satışlarınızın artıracağına zəmanət vermir. Elə buna görə də çox izləyicisi olan “influencer”lə işləməyə qərar verdik də özünüzə bu sualı verməyinizi məsləhət görərdim: İnsanlar izlədiyi “influencer”in fikrinə və qərarlarına inanırlarmı, yoxsa əyləncə məqsədi ilə izləyirlər?
Bəs əgər bu göstərciləri əsas götürmürüksə, nələrə fikir verməliyik? Fikir verəcəyimiz əsas məqam “influencer”in reputasiyası və xitab etdiyi kütlə olmalıdır.
Fikir verəcəyimiz ikinci məqam isə reklam etdiyimiz məhsullar “influencer”ə, daha doğrusu “influencer”in kütləsinə uyğun gəlməsidir. Məsələn, ucuz məhsulların reklamında “influencer” daha tez nəticə verir, nəinki bahalı məhsullar. Çünki bahalı məhsul hər kəs üçün deyil. Bir də hamının istifadə etdiyini məhsullar var. Marketdən aldığımız gündəlik məhsullar kimi. Məhz bu zaman çox izləmə və ya izləyici sayı əsas rol oynaya bilər. Digər məqamlarda isə “influencer”ə reklam verdikdə dərindən araşdırma aparmaq gərəkir. Xülasə, məhsuluna uyğun kütlə ilə işləmək lazımdır. Digər yayılan bir fikir də var ki, “influencer”lərin sayı azdı deyirlər. Bu fikirlə də razı deyiləm. Sadəcə seçimi düzgün etmək lazımdır.
Çox rastlaşdığım səhvlərdən biri də biznes sahiblərinin “influencer”dən dərhal satış gözləməkdir. Əgər digər reklam kanallarından istifadə etmirsinizsə və məhsulunuz spesifikdirsə tək “influencer”lə satışa təsir etməyiniz çətin olacaq. Əlqərəz, hər bir işdə olduğu kimi inflencer marketinqdən nəticə almaq üçün vaxt lazımdır."
Bloqerlərin və “influencer”lərin təsir gücünün effektivliyi onların izləyiciləri ilə qurduğu münasibətin səmimiyyəti və təklif etdikləri məzmunun keyfiyyəti ilə ölçülür. Azərbaycan bazarında bu sahənin inkişafı üçün hələ potensial mövcuddur, lakin bunun üçün izləyici etimadı yenidən qazanılmalıdır.