ABŞ-ın fintex şirkəti Bolt-un həmtəsisçisi və baş direktoru Rayan Breslou şirkətdə HR departamentinin ləğv edildiyini açıqlayıb. Onun sözlərinə görə, HR komandası şirkətdə mövcud olmayan problemlər yaradırdı və departament bağlandıqdan sonra həmin problemlər də aradan qalxıb.
Bolt 2026-cı ilin yazında əməkdaşlarının təxminən 30 faizini ixtisar edib. Şirkət bunu süni intellekt dövrünə uyğunlaşmaq və rəqabət qabiliyyətini qorumaq zərurəti ilə izah edib. Hazırda şirkətdə təxminən 100 nəfər çalışır.
Rayan Breslou bildirib ki, şirkət artıq nəticəyönümlü iş prinsipinə üstünlük verir. Onun fikrincə, əvvəlki dövrdə bəzi əməkdaşlar və menecerlər dəyişikliklərə uyğunlaşa bilməyib və şirkətdə səmərəsiz iş mühiti formalaşıb.
2014-cü ildə Stanford tələbələri tərəfindən yaradılan Bolt əvvəlcə “bir kliklə ödəniş” xidməti kimi fəaliyyət göstərsə də, sonradan pul köçürmələri və kriptovalyuta əməliyyatlarını da əhatə edən fintex platformasına çevrilib. Şirkətin dəyəri 2022-ci ildə 11 milyard dollar olsa da, sonrakı illərdə bu göstərici ciddi şəkildə azalıb.
