Payriff-in təqdim etdiyi Azərbaycanın ilk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard beynəlxalq bazara çıxmağa hazırlaşır. Şirkət ABŞ-ın Sentry Management Solutions ilə Anlaşma Memorandumu (MOU) imzalayıb. Saziş CityCard platformasının ABŞ və Avropa bazarlarında tətbiqini nəzərdə tutur.
Yeni tərəfdaşlıq çərçivəsində CityCard-ın rəqəmsal ödəniş infrastrukturu və ictimai nəqliyyat sahəsindəki təcrübəsi, Sentry Management Solutions-un nəqliyyat idarəetmə texnologiyaları üzrə beynəlxalq təcrübəsi ilə birləşdiriləcək. Əməkdaşlığın daha ağıllı, səmərəli və müasir nəqliyyat həllərinin yaradılmasına töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, CityCard Nəqliyyat Ödəniş Platforması AZCON Holding-in sifarişi və dəstəyi ilə 2025-ci ildə yaradılıb və pilot layihə kimi Gəncə şəhərində tətbiq olunub. Platforma vasitəsilə indiyədək 24 milyondan çox gediş həyata keçirilib. Növbəti mərhələdə sistemin Naxçıvan, Şamaxı və digər şəhərlərdə də tətbiqi planlaşdırılır.
Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq Azərbaycanın yerli texnologiya məhsulunun beynəlxalq bazara çıxışı və ölkənin nəqliyyat-fintex ekosisteminin inkişafı baxımından mühüm addım hesab olunur.
