2024-cü ildə texnologiya nəhəngləri 149 startap-a 1 milyon dollar və ya daha çox sərmayə qoyublar. Crunchbase News-a görə, Böyük beşlik (Apple, Microsoft, Nvidia, Amazon və Alphabet) arasında investisiya aktivliyi 2024-cü ildə son beş ilin ən aşağı həddə çatıb. Apple sövdələşmələrin heç birində iştirak etməyib.
Analitiklərin məlumatına görə, ötən il investorlar daha çox süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya qoyublar. 2024-cü ilin ən iri investisiya anlaşması OpenAI-ın 6,6 milyard dollarlıq raundu olub. Bu məbləği şirkət əsasən Microsoft və Nvidia kimi nəhənglərdən cəlb edib.
İkinci yerdə Alphabet (Google) şirkətinin törəmə müəssisəsi Waymo (pilotsuz taksilər hazırlayır) qərarlaşıb. Waymo ana şirkətdən 5,6 milyard dollar investisiya alıb. İlk üçlüyü Anthropic adlı startap bağlayır. Şirkət Amazon-dan 4 milyard dollar investisiya cəlb edib. Qeyd edək ki, Anthropic, funksionallığı ChatGPT-yə bənzəyən Claude adlı süni intellekt modelinin də yaradıcısıdır.
İnvestorlar arasında liderlər
İnvestorlar arasında ən çox sövdələşmə həyata keçirən Alphabet olub. Şirkət 87 investisiya raundunda iştirak edib. İkinci yeri Microsoft (34), üçüncü yeri isə Nvidia (27) tutur.