OpenAI şirkəti dövlətlərlə əməkdaşlığı genişləndirmək strategiyası çərçivəsində komandasına vacib bir sima qatıb. Böyük Britaniyanın keçmiş maliyyə naziri Corc Osborn şirkətin "Ölkələr üçün OpenAI" ("OpenAI for Countries") adlı yeni istiqamətinə rəhbər təyin edilib.
Fəaliyyətini Londondan idarə edəcək Osbornun əsas vəzifəsi dünya ölkələrinin hökumətləri ilə birbaşa əlaqələr qurmaqdır. O, dövlətlərə öz süni intellekt infrastrukturunu formalaşdırmaqda, məlumat mərkəzləri qurmaqda və bu texnologiyanı yerli iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaqda dəstək verəcək.
Bu təyinat OpenAI-ın beynəlxalq strategiyasının vacib hissəsi hesab olunur. Şirkət ilin əvvəlində elan etdiyi bu proqram çərçivəsində müxtəlif ölkələrlə birgə layihələr həyata keçirməyi və süni intellektin tətbiqini dövlət səviyyəsinə qaldırmağı hədəfləyir. Osbornun siyasi təcrübəsi şirkətə bürokratik maneələri aşmaqda və hökumətlərlə iri həcmli müqavilələr bağlamaqda kömək edəcək.
