Az | EN

Xiaomi smartfonları kripto cüzdanla satılacaq

Nigar Sultanli
17 Dekabr 2025 15:15
40 baxış
Xiaomi smartfonları kripto cüzdanla satılacaq

Gələn ildən etibarən Xiaomi şirkəti Çin və ABŞ istisna olmaqla, qlobal bazarda satılan smartfonlarının əksəriyyətini əvvəlcədən quraşdırılmış Sei Wallet kripto cüzdanı ilə təchiz etməyi planlaşdırır.

"Gizmochina" nəşrinin məlumatına görə, şirkət blokçeyn texnologiyalarının kütləvi istifadəsini sürətləndirmək məqsədilə Sei Labs ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb.

Rəqəmsal aktivlər üzrə əməliyyatlar üçün nəzərdə tutulan Sei Wallet birinci səviyyəli Sei blokçeyni əsasında fəaliyyət göstərir. Bu tətbiq istifadəçilərə əlavə proqram yükləmədən P2P ödənişlər etməyə, mərkəzləşdirilməmiş xidmətlərdən yararlanmağa və Web3 mühiti ilə tanış olmağa imkan verəcək.

Bundan əlavə, Sei Labs 20 mindən çox Xiaomi mağazasında stabilkoinlərlə ödəniş sistemini tətbiq etmək niyyətindədir. İlk mərhələdə Honq-Konq və bəzi Avropa ölkələrində işə düşəcək layihə çərçivəsində alıcılar gələcəkdə Xiaomi məhsullarını USDC kimi stabilkoinlərlə ala biləcəklər.

Şirkət hesab edir ki, bu əməkdaşlıq milyonlarla istifadəçi, xüsusilə də Xiaomi-nin güclü olduğu Hindistan və Yunanıstan kimi bazarlarda kriptovalyutalarla ilk tanışlıq vasitəsi ola bilər.

Lakin ekspertlər məsələyə bir qədər şübhə ilə yanaşırlar. Xiaomi əvvəllər istifadəçilərin çoxunun işlətmədiyi lazımsız tətbiqləri telefonlara doldurduğu üçün tənqid olunurdu. Son illər şirkət bu siyasətdən uzaqlaşsa da, Sei Labs ilə yeni razılaşma bəziləri tərəfindən köhnə vərdişlərə qayıdış kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az