Çində elektrik şəbəkələrinin monitorinqi üçün ilanabənzər robotlar istifadəyə verilib. Elektrik xətləri boyunca hərəkət edən bu robotlar üzərlərindəki kamera və sensorlar vasitəsilə zədələnmiş kabelləri, aşınmış hissələri və anormal temperatur dəyişikliklərini aşkar edir.
Yunnan əyalətində tətbiq olunan sistem artıq 130 kilometrdən çox elektrik xəttini yoxlayıb. Məlumata görə, robotlar ənənəvi insan yoxlamalarından üç dəfə daha səmərəli işləyir.
Robot ilanların əsas üstünlüyü dronlardan fərqli olaraq birbaşa elektrik xətlərinin üzərində hərəkət etməsidir. Bu, onların hava limanları yaxınlığındakı uçuş məhdudiyyətli ərazilərdə də fəaliyyət göstərməsinə imkan verir.
Çin enerji şirkətləri robot ilanlar, robot itlər və dronlardan istifadə etməklə elektrik şəbəkələrinin təhlükəsizliyini artırmağı və mümkün nasazlıqları əvvəlcədən aşkarlamağı hədəfləyir.
