Az | EN

Claude Code AMD noutbuklarında illərlə davam edən ekran donması probleminin həllinə kömək etdi

Cəmil Hüseynzadə
22 İyun 2026 11:12
94 baxış
Claude Code AMD noutbuklarında illərlə davam edən ekran donması probleminin həllinə kömək etdi

Süni intellekt əsaslı proqramlaşdırma aləti olan Claude Code, AMD Radeon qrafikası ilə təchiz edilmiş noutbuklarda uzun illərdir müşahidə olunan ekran donması probleminin aradan qaldırılmasına kömək edib.

Phoronix-in məlumatına görə, Linux nüvəsinin tərtibatçıları 2017-ci ildən bəri mövcud olan və istifadəçilərin çoxsaylı şikayətlərinə səbəb olan xətanı aradan qaldırmağa yaxındırlar. Problem əsasən Lenovo ThinkPad T14 Gen1 və Framework Laptop 13 kimi Ryzen prosessorlu cihazlarda qeydə alınırdı.

Xəta adətən cihaz uzun müddət işlədikdən və bir neçə dəfə yuxu rejimindən çıxdıqdan sonra baş verirdi. Nəticədə həm daxili ekran, həm də xarici monitor cavab verməyi dayandırır, sistemi yalnız məcburi yenidən başlatmaq mümkün olurdu.

Mütəxəssislər problemin səbəbini müəyyən etmək üçün Claude Code alətindən istifadə ediblər. Süni intellekt illər ərzində toplanmış xəta hesabatlarını və kod dəyişikliklərini analiz edərək problemin enerjiyə qənaət texnologiyası olan PSR (Panel Self Refresh) rejimindən çıxış zamanı sinxronizasiya xətası ilə bağlı ola biləcəyini göstərib.

Hazırlanan yeni düzəlişlər qrafik sürücüsünün müvafiq hissəsində görüntünün emal mexanizmini yenidən qurur və problemin tam aradan qaldırılacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az