ABŞ-ın foto bank şirkəti Getty Images ilə OpenAI arasında lisenziya sazişinin imzalanmasından sonra şirkətin səhmləri kəskin yüksəlib. İyunun 22-də premarket ticarətində Getty Images səhmləri bir ara 200 faizdən çox bahalaşıb, daha sonra artım tempi zəifləyərək təxminən 166 faizə çatıb.
Razılaşmaya əsasən, Getty Images-in foto arxivindəki şəkillər ChatGPT-nin cavablarında nümayiş etdiriləcək. Tərəflər müqavilənin maliyyə şərtlərini açıqlamayıblar. Həmçinin bu şəkillərin OpenAI modellərinin təlimində istifadə olunub-olunmayacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Getty Images-in səhmləri 2026-cı ilin əvvəlindən etibarən süni intellektin yaratdığı rəqabət səbəbindən 55 faizdən çox dəyər itirmişdi. Şirkət 2022-ci ildə müəllif hüquqları ilə bağlı riskləri azaltmaq məqsədilə istifadəçilərə neyroşəbəkələr tərəfindən yaradılan şəkillərin platformaya yüklənməsini və satışını qadağan etmişdi.
