Yaponiyanın sanitar avadanlıqları ilə tanınan Toto Ltd. şirkəti növbəti beş il ərzində yarımkeçirici materiallar sahəsinə 80 milyard yen (təxminən 496 milyon dollar) investisiya yatıracağını açıqlayıb. Şirkət gələcəyin 1 nanometr sinifli çipləri üçün materialların hazırlanmasını hədəfləyir.
İnvestisiyalar Kanagava bölgəsində tədqiqat və inkişaf işlərinə, həmçinin Oita və Fukuoka şəhərlərində yerləşən müəssisələrin avadanlıqla təchiz edilməsinə yönəldiləcək. Toto 1980-ci illərdən bəri çip istehsalında istifadə olunan xüsusi keramika materialları və elektrostatik tutucular istehsal edir.
Şirkətin texnologiya direktoru Ryosuke Hayaşinin sözlərinə görə, yaxın illərdə yarımkeçirici sahəsinə yönələn investisiyalar Toto-nun ümumi kapital xərclərinin yarıdan çoxunu təşkil edəcək. O bildirib ki, şirkətin yarımkeçirici bölməsi artıq gəlirlilik baxımından sanitar avadanlıqlar biznesini geridə qoyub. Xəbərdən sonra Toto səhmləri bir gündə 10 faizdən çox bahalaşıb.
