Az | EN

Hyundai Boston Dynamics-in bütün səhmlərini satın aldı

Cəmil Hüseynzadə
22 İyun 2026 11:23
76 baxış
Hyundai Boston Dynamics-in bütün səhmlərini satın aldı

Cənubi Koreyanın avtomobil nəhəngi Hyundai Motor Group robototexnika şirkəti Boston Dynamics üzərində tam nəzarəti əldə edib. Şirkət yapon investisiya holdinqi SoftBank Group-a məxsus qalan 9,65 faizlik payı 325 milyon dollara satın alıb.

Hyundai artıq Boston Dynamics-in bütün robot texnologiyalarına tam sahibdir və humanoid robotların istehsalatda geniş tətbiqini planlaşdırır. Şirkətin məqsədi bəzi fiziki işləri robotların öhdəsinə verməkdir. Xüsusilə, insanabənzər Atlas robotları ağır avtomobil hissələrini daşımaq, onları istehsal sahəsində müəyyən ardıcıllıqla yerləşdirmək kimi tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, Hyundai 2021-ci ildə Boston Dynamics-in 80 faiz səhmini təxminən 900 milyon dollara almışdı. Həmin vaxt şirkətin ümumi dəyəri təxminən 1,1 milyard dollar qiymətləndirilirdi.

Hyundai yaxın iki il ərzində ən azı 60 min robot istehsal edib sınaqdan keçirməyi planlaşdırır. Şirkət hesab edir ki, sənayedə tam avtomatlaşdırma hələ yaxın perspektivdə mümkün olmasa da, robotların istehsalat prosesinə inteqrasiyası sürətləndirilməlidir.

Atlas robotlarının ilk dəfə real istehsalat prosesində istifadəsinə isə 2028-ci ildə ABŞ-ın Georgia ştatında yerləşən Hyundai zavodunda başlanacağı gözlənilir. Burada robotlar insanlarla birlikdə çalışaraq müxtəlif istehsal əməliyyatlarını yerinə yetirəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az