Bloomberg agentliyi son üç il ərzində süni intellektin, xüsusilə "ChatGPT"nin istifadəyə verilməsinin fond bazarlarına təsirini təhlil edib. 2022-ci ilin noyabrından başlayan investisiya axını bazar riskləri ilə bağlı proqnozlara baxmayaraq, ABŞ-nin ən iri şirkətlərini əhatə edən "S&P 500" indeksinin 64 faiz artmasına səbəb olub. Bu artımın əsas hərəkətverici qüvvəsi kimi "Nvidia", "Microsoft", "Apple", "Google", "Amazon", "Meta" və "Broadcom" şirkətləri çıxış edib. Sözügedən yeddi texnologiya şirkəti ümumi bazar artımının təxminən yarısını təmin edərək indeksdəki xüsusi çəkilərini 20 faizdən 35 faizə qədər yüksəldiblər.
Nvidia çiplərə olan yüksək tələbat fonunda şirkətin səhmləri üç il ərzində 979 faiz dəyər qazanıb, bazar kapitalizasiyası isə 5 trilyon dolları ötüb. Analitiklər şirkətin 2025-ci il üzrə gəlirlərinin 200 milyard dollara çatacağını proqnozlaşdırırlar. Maraqlıdır ki, bu prosesdən təkcə texnologiya deyil, enerji sektoru da faydalanıb. Süni intellekt modellərini dəstəkləyən data mərkəzlərinin elektrik enerjisinə olan tələbatı kəskin artırdığı üçün ABŞ-ın "Vistra Corp" şirkətinin səhmləri 620 faiz, digər enerji şirkətlərinin kağızları isə 250 faizdən çox bahalaşıb.
Digər tərəfdən, investorlar süni intellektin tətbiqi nəticəsində rəqabətə davam gətirməyəcəyi ehtimal edilən sahələrdən kapitallarını geri çəkməyə başlayıblar. Bu mənfi tendensiya əsasən proqram təminatı, təhsil və insan resursları sektorlarında müşahidə olunur. Məsələn, müştəri dəstəyi xidmətləri göstərən "LivePerson" və onlayn təhsil platforması "Chegg" şirkətlərinin səhmləri 97 faiz dəyər itirib. Eyni zamanda, işəqəbul proseslərinin avtomatlaşdırılması ehtimalı fonunda "ManpowerGroup" və "Robert Half" kimi kadr agentliklərinin səhmləri də 65 faizdən çox ucuzlaşıb.
