Anthropic-in Fable 5 modelinə tətbiq edilən məhdudiyyətlərin arxasında Amazon-un da olduğu iddia edilir. Məlumata görə, Amazon-un baş direktoru Endi Jessi Claude Fable 5 modelinin müəyyən sorğular vasitəsilə kibertəhlükəsizlik hücumlarında istifadə oluna biləcək məlumatlar təqdim etdiyini ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinə çatdırıb.
Semafor-un məlumatına əsasən, Jessi bu barədə əvvəlcədən Anthropic rəhbərliyini xəbərdar etmədən birbaşa hökumətə müraciət edib. Bundan sonra Anthropic-in rəhbəri Dario Amodei rəsmilərlə əlaqə saxlayaraq aşkarlanan problemin tam “jailbreak” deyil, məhdud imkanlı bir boşluq olduğunu bildirib.
Lakin ABŞ administrasiyasının keçmiş süni intellekt müşaviri David Sacks fərqli mövqe sərgiləyib. Onun sözlərinə görə, hökumət Anthropic-dən problemi aradan qaldırmağı və ya modeli geri çəkməyi tələb edib, lakin şirkət bunu qəbul etməyib.
Anthropic isə cavabında bildirib ki, qeyd olunan imkanlar digər açıq AI modellərində də mövcuddur və bunun üçün xüsusi məhdudiyyətlərin aşılmasına ehtiyac yoxdur.
Hadisə diqqət çəkir, çünki Amazon Anthropic-ə təxminən 13 milyard dollar investisiya yatırıb və şirkətin əsas infrastruktur tərəfdaşlarından biridir. Buna görə də bəzi ekspertlər baş verənləri təhlükəsizlik məsələsi ilə yanaşı, texnologiya sektorundakı strateji maraqların toqquşması kimi də qiymətləndirirlər.
