Az | EN

“Gamepons Compass” Oyun İnkubasiyası Proqramının üçüncü dalğası start götürdü

Nigar Sultanli
21 Avqust 2025 15:12
31 baxış
“Gamepons Compass” Oyun İnkubasiyası Proqramının üçüncü dalğası start götürdü

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, SUP.VC-nin tərəfdaşlığı və “Gamepons” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Gamepons Compass” oyun inkubasiyası proqramının üçüncü dalğası rəsmi olaraq start götürdü.

Proqramın əsas məqsədi gənc istedadları dəstəkləmək, yerli oyun studiyalarının formalaşmasına təkan vermək və Azərbaycanın oyun sənayesinin inkişafına töhfə verməkdir. Bu təşəbbüs həm də ölkəmizdə yaradıcı sənayelərin inkişafına xidmət edir və rəqəmsal iqtisadiyyatın gücləndirilməsinə öz töhfəsini verir.

İnkubasiya çərçivəsində iştirakçılar oyun ideyalarını sadəcə konsept mərhələsində saxlamaqla kifayətlənməyəcək, onları prototip, demo və kommersiya potensiallı məhsula çevirmək üçün geniş dəstək əldə edəcəklər. Təlim və mentorluq prosesi zamanı iştirakçılar oyun dizaynı, proqramlaşdırma, incəsənət, biznes inkişafı, hüquqi məsələlər və bazara çıxış strategiyaları üzrə praktiki biliklər qazanacaqlar.

Proqramda iştirak edən komanda və fərdlər üçün geniş imkanlar təqdim olunur. Buraya yerli və beynəlxalq oyun sənayesi mütəxəssisləri ilə fərdi və qrup mentorluqları, müasir ofis və tam təchiz olunmuş texniki avadanlıqlara çıxış, hüquqi və şirkətləşmə dəstəyi, qrant və ilkin investisiya fürsətləri daxildir. Bundan əlavə, iştirakçılar geniş kitabxana və öyrənmə resurslarından yararlana, həmçinin şəbəkələşmə və sənaye əlaqələri qurmaq üçün təşkil edilən tədbirlərdə iştirak edə biləcəklər.

“Gamepons Compass” oyun inkubasiyası proqramı gənclərə və yaradıcı komandalarına öz oyun ideyalarını gerçəkləşdirmək üçün əlverişli imkanlar təqdim edir. İştirakçılar təkcə texniki biliklər əldə etmir, eyni zamanda komanda quruculuğu, layihə idarəçiliyi və biznes düşüncəsi bacarıqlarını da inkişaf etdirirlər. Bu isə gələcəkdə onların müstəqil oyun studiyalarını qurmasına və beynəlxalq bazarda fəaliyyət göstərməsinə real zəmin yaradır.

Əgər siz də oyun ideyanızı inkişaf etdirmək, bu ekosistemin bir parçasına çevrilmək və “Gamepons Compass” inkubasiya proqramına qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Gəlin birlikdə Azərbaycanın oyun sənayesini daha da irəli aparaq!

Müraciət üçün linkə daxil olaraq qeydiyyat formasını doldur.
https://forms.gle/97q88WdkPxyHFz286

© copyright 2022 | tech.az | info@tech.az