Az | EN

Gənc Dahilər — Sİ Dünyasını Yeni Nəsil Qurur

Cəmil Hüseynzadə
07 Avqust 2025 11:36
43 baxış
Gənc Dahilər — Sİ Dünyasını Yeni Nəsil Qurur

Süni intellekt artıq gələcəyin texnologiyası deyil — bu günün reallığıdır. Və bu reallığın qurucuları arasında, yaşı cəmi 16 və ya 18 olan gənclər getdikcə daha çox yer almağa başlayıblar. Bir zamanlar texnologiya nəhənglərinə daxil olmaq üçün illərlə təcrübə, akademik dərəcələr və korporativ pillələr lazım olduğu düşünülürdü. İndi isə bir fikri olan, onu kodlayan və gerçəkləşdirən gənclər bu reallığı dəyişir.

Notion-un həmtəsisçisi Ivan Zhao-nun dünən etdiyi paylaşım bunu əyani şəkildə göstərdi. O qeyd etdi ki, keçən ay 18 yaşlı biri, ötən həftə isə 16 yaşlı bir gənc Notion-un süni intellekt komandasında işə başlayıb. “Yeni nəsil süni intellekti formalaşdırmaq üçün icazə gözləmir — onlar artıq onu qururlar”, — deyə Zhao yazır. Bu, təkcə bir istisna deyil, artıq formalaşan yeni bir tendensiyadır.

Eyni zamanda, süni intellekt dünyasında böyük səs-küy doğuran hadisələrdən biri də Meta-nın 24 yaşlı mühəndis Matt Deitke-yə verdiyi 250 milyon dollarlıq iş təklifi oldu. Deitke əvvəlcə 125 milyon dolları rədd etsə də, Mark Zuckerberglə görüşdən sonra ikiqat təklifi qəbul etdi. Bu hadisə göstərir ki, texnologiya nəhəngləri üçün indi əsas kriteriya yaş deyil, potensial və bacarıqdır.

Başqa nümunələr də bu mənzərəni gücləndirir. Aidan Gomez 28 yaşında olmasına baxmayaraq, Transformer arxitekturasının həmtəsisçilərindən biri kimi artıq öz startapı Cohere ilə süni intellekt sahəsində liderlərdəndir.

Alexandr Wang 27 yaşında Scale AI staratpını idarə edir və ABŞ Müdafiə Nazirliyi də daxil olmaqla bir çox qurum onun xidmətlərindən istifadə edir. Meta Scale AI startapının 49% payını əldə etmək üçün 14.3 milyard dollar ödəyib.

Demi Guo və Ethan Perez kimi adlar da gənc yaşlarında generativ AI və təhlükəsiz süni intellekt sahələrində dünya səviyyəli layihələrə rəhbərlik edirlər.

Bütün bu nümunələr eyni həqiqəti təsdiqləyir: yeni nəsil artıq süni intellekt sahəsində passiv izləyici deyil. Onlar bu texnologiyanın formalaşdırıcı qüvvəsinə çevriliblər. Gələcək artıq onların əlindədir. Və onlar bu gələcəyi təkcə xəyal etmirlər — onu kodlayır, test edir və istifadəyə verirlər.

© copyright 2022 | tech.az | info@tech.az