Az | EN

Getty Images və Shutterstock Birləşir: 3.7 Milyard Dollarlıq Razılaşma

Cəmil Hüseynzadə
08 Yanvar 2025 13:24
74 baxış
Getty Images və Shutterstock Birləşir: 3.7 Milyard Dollarlıq Razılaşma

Ticari və redaktorial istifadə üçün vizual məzmun kitabxanası təqdim edən Getty Images, rəqibi olan rəqəmsal məzmun platforması Shutterstock ilə birləşməyi qəbul etdiyini açıqladı. Bu birləşmənin nəticəsində yaranacaq şirkətin bazar dəyəri, dünənki səhm bağlanışına əsasən, 3.7 milyard dollar olacaq.

Hər iki şirkət yüksək keyfiyyətli lisenziyalı fotoşəkillər, videolar, musiqilər və 3D modellər daxil olmaqla geniş miqyaslı stok məzmun təqdim edir. Xəbər, idman, əyləncə, moda, təbiət, memarlıq və tarix kimi bir çox kateqoriyada yüksək keyfiyyətli məzmun təqdim edən bu platformalar, xüsusilə media, reklam və yayımlama sektoru istifadəçiləri arasında geniş yayılıb.

Razılaşmaya görə, Getty Images səhmdarları yeni şirkətin təxminən %54.7-lik, Shutterstock səhmdarları isə %45.3-lük payına sahib olacaqlar. Shutterstock səhmdarlarına pay başına 28.8 dollar nağd ödəniş, 13.67 ədəd Getty Images səhm payı, ya da hər ikisinin birləşdirilmiş variantından seçim imkanı təqdim ediləcək.

Son illərdə Shutterstock, süni intellekt texnologiyalarının məzmun istehsalında istifadəyə başlanması ilə gəlirlərində böyük eniş yaşayıb. New York Birjasında (NYSE) SSTK kodu ilə ticarət olunan şirkət, 2022-ci ildən bu yana %50 dəyər itirib.

Tənzimləyici orqanların təsdiqindən sonra tamamlacaq razılaşmadan sonra birləşmiş şirkət Getty Images adı ilə fəaliyyət göstərəcək. Şirkətin icraçı direktoru vəzifəsini Getty Images-ın mövcud CEO-su Craig Peters davam etdirəcək.

Craig Peters razılaşma ilə bağlı etdiyi açıqlamada bildirib:
"Bugünkü açıqlama şirkətlərimiz üçün həyəcanverici və transformativ bir addımdır. Bu razılaşma maliyyə bazamızı gücləndirərək gələcəyə sərmayə qoymaq üçün çoxsaylı imkanlar yaradacaq. Buraya məzmun təkliflərimizi inkişaf etdirmək, tədbir əhatəmizi genişləndirmək və müştərilərimizə daha yaxşı xidmət üçün yeni texnologiyalar təqdim etmək daxildir."

© copyright 2022 | tech.az | info@tech.az