Az | EN

Google Axtarışa süni intellektin inteqrasiya ediləcəyi açıqlanıb

Fidan Abbaszadə
11 May 2023 16:54
184 baxış
Google Axtarışa süni intellektin inteqrasiya ediləcəyi açıqlanıb

Google I/O adlanan tədbirində bir çox yeni elanlara yer verib. Bunlardan ən diqqət çəkəni Google-un süni intellektin inteqrasiya olunacağı Axtarış sistemi haqqında paylaşdığı təfərrüatlar olub. 

Google-un Məhsuldar Axtarış Təcrübəsi (SGE) adlandırdığı Bing-ə böyük rəqib olacaq süni intellektlə dəstəklənən axtarış sistemi suallarınıza cavab olaraq sadəcə link vermək yerinə ChatGPT kimi tam cümlələrlə suallara cavab verə biləcək.

Təqdimat zamanı sistemin necə işləyəcəyi göstərilib. Süni intellektin inteqrasiya olunması ilə artıq normal axtarış nəticələrinin üstündə əlavə olaraq rəngli bir bölmə görünəcək. Sistem sualınıza bu bölmədə ətraflı şəkildə cavab verib, şəkillər və ya videolar göstərəcək.

Qeyd edək ki, sual verib cavabını aldıqdan sonra eyni kontekstdə axtarış sisteminə daha bir sual yönləndirə biləcəksiniz. Yəni ki, Google Axtarış da ChatGPT kimi söhbətləri yadda saxlaya biləcək.

Süni intellektin inteqrasiya olunmuş varianti ilə Google Axtarış  yaxın həftələrdə ABŞ-da müəyyən insanlar üçün istifadəyə veriləcək. Şirkət gələcəkdə milyardlarla istifadəçisinə Axtarış sisteminin yeni versiyasını təqdim edəcəyini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az