Az | EN

Google CEO: "Süni intellekt balonu partlayarsa, heç bir şirkət zərərdən sığortalanmayıb"

Nigar Sultanli
19 Noyabr 2025 12:39
62 baxış
Google CEO: "Süni intellekt balonu partlayarsa, heç bir şirkət zərərdən sığortalanmayıb"

Sundar Piçay BBC-yə verdiyi müsahibədə texnologiya dünyasını narahat edən ciddi məsələni diqqətə çatdırıb. O bildirib ki, hazırda bazarda müşahidə olunan "süni intellekt balonu" (investisiyaların həddən artıq şişirdilməsi) partlayarsa, bunun fəsadlarından heç bir şirkət, o cümlədən Google sığortalanmayıb.

Piçay hazırkı dövrü texnologiya üçün "qeyri-adi inkişaf mərhələsi" adlandırsa da, investorların davranışlarında müəyyən məntiqsizliklərin olduğunu etiraf edib. O, mövcud vəziyyəti 90-cı illərin sonundakı internet şirkətlərinin (dotkom) kütləvi iflas dövrü ilə müqayisə edərək, bazarda artıq həddən artıq spekulyativ davranışın hökm sürdüyünü vurğulayıb.

Müsahibədə şirkətin gələcək planlarına da toxunulub. Google, Böyük Britaniyada süni intellekt infrastrukturunu gücləndirmək üçün 5 milyard funt investisiya ayıracağını təsdiqləyib. Lakin Piçay həmçinin mənfi məqamı da qeyd edib: süni intellekt sistemləri o qədər böyük enerji tələb edir ki, şirkət iqlimi qorumaq üçün qarşısına qoyduğu "sıfır karbon tullantısı" (net-zero) hədəfinə çatmaqda gecikə bilər.

© copyright 2022 | tech.az | info@tech.az