Az | EN

Google DeepMind Boston Dynamics-in CTO-sunu komandasına cəlb edib

Nigar Sultanli
21 Noyabr 2025 10:30
65 baxış
Google DeepMind Boston Dynamics-in CTO-sunu komandasına cəlb edib

"Google DeepMind" şirkəti robototexnika sahəsindəki fəaliyyətini genişləndirmək məqsədilə kadr təyinatı həyata keçirib. Şirkət "Boston Dynamics"in keçmiş texniki direktoru Aaron Sandersi işə götürüb. "Wired" nəşrinin məlumatına görə, Sanders DeepMind-da aparat təminatı (hardware) üzrə vitse-prezident vəzifəsini icra edəcək. 

DeepMind-ın rəhbəri Demis Hassabis şirkətin gələcək vizyonu barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, əsas məqsəd "Gemini" süni intellekt modelini robotlar üçün universal "əməliyyat sistemi"nə çevirməkdir. Bu sistemin gələcəkdə istənilən fiziki quruluşa və konfiqurasiyaya malik robotu idarə edə biləcək səviyyəyə çatdırılması planlaşdırılır. Aaron Sandersin zəngin təcrübəsi bu hədəflərin reallaşmasında həlledici rol oynaya bilər; o, 2003-cü ildən "Boston Dynamics"də çalışıb, müxtəlif mürəkkəb layihələrə, o cümlədən altıayaqlı amfibiya-robotun yaradılmasına rəhbərlik edib və 2025-ci ilin yayında şirkətdən ayrılıb.

DeepMind uzun illərdir bu sahədə tədqiqatlar aparsa da, Çin istehsalçılarının son dövrlərdəki uğurları şirkəti daha çevik hərəkət etməyə vadar edib. Demis Hassabis xüsusilə Çinin "Unitree" şirkətinin istehsal etdiyi robotlardan təsirləndiyini qeyd edib. O hesab edir ki, süni intellektlə inteqrasiya olunmuş robototexnika sahəsi yaxın bir neçə il ərzində ciddi texnoloji sıçrayış yaşayacaq.

© copyright 2022 | tech.az | info@tech.az